İnsan hüquqları üzrə Avropa Məhkəməsi
Birinci bölmə
Hümmətov Azərbaycana qarşı Qərar
(Şikayətlər № 9852/03 və 13413/04)
Strasburq, 29 noyabr 2007-ci il
Hümmətov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
cənab L. Lukaides, Sədr,
cənab A. Kovler,
xanım E. Steyner,
cənab X. Hacıyev,
cənab D. Spilman,
cənab S.E. Jebens,
cənab C. Malinverni; hakimlər,
və cənab A. Uampaş, Bölmə Katibinin müavini,
08 noyabr 2007-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
Prosedur
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən vətəndaşlığı olmayan cənab Ələkrəm Ələkbər oğlu Hummətov («ərizəçi») tərəfindən Azərbaycana qarşı verdiyi şikayətlər üzrə (№ 9852/03 və 13413/04) iş müvafiq olaraq 13 mart 2003-cü il və 31 mart 2004-cü ildə başlanılmışdır.
2. Hüquqi yardım alan ərizəçini Niderlandda işləyən vəkil cənab M. Ferştman təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusilə iddia etdi ki, həbsxanada ona adekvat tibbi yardım göstərilməyib, adekvat tibbi yardımın olmamasına qarşı səmərəli vasitələr olmayıb və ona açıq və ədalətli məhkəmə araşdırılması təqdim edilməyib.
4. 05 iyul 2005-ci ildə Palatanın Sədri şikayətləri birləşdirmək qərarına gəlib. 18 may 2006-cı il tarixli qərardadı ilə Məhkəmə şikayətləri qismən məqbul elan edib.
5. Ərizəçi və Hökumət hər biri mahiyyət üzrə izahatlarını təqdim ediblər (59-cu qaydanın 1-ci bəndi).
Faktlar
I. İşin halları
6. Ərizəçi 1948-ci ildə Azərbaycanın Lerik rayonunda anadan olub və hazırda Niderlandın Haaqa şəhərində yaşayır.
A. Həbs, məhkumluq və cəzanın yüngülləşdirilməsi
7. 1988-ci ilədək ərizəçi Azərbaycanın Lənkəran şəhərində yerləşən nəqliyyat anbarının müdir müavini olub. 1988-ci ildə o, siyasi partiyaya qoşulub və siyasi karyerasına başlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanarkən, o, milli orduya daxil olub və onun komandirlərindən birinə çevrilib. 1993-cü ilin yayında ölkədə mülki və siyasi qarşıdurmalar olan dövrdə o, Dağlıq Qarabağdan doğma Lənkərana qayıdıb.
8. 1993-cü ilin iyununda ərizəçi Azərbaycanın cənubunda Lənkəranla birlikdə bir neçə qonşu rayonları əhatə edən muxtar siyasi qurumun yaradılmasına dair təklif irəli sürüb. Mərkəzi hakimiyyət bu ideyanı qəbulolunmaz hesab edib. 07 avqust 1993-cü ildə ərizəçi tərəfdarları ilə birgə Azərbaycan Respublikasının daxilində «Talış-Muğan Muxtar Respublikası»nın yaradılmasını bəyan ediblər. Ərizəçi onun «Prezident»i seçilib. Həmin vaxtda o, Lənkəranda yerləşən hərbi hissələri tabe etdirməyə, eləcə də mərkəzi hakimiyyət tərəfindən təyin olunmuş bəzi regional vəzifəli şəxsləri kənarlaşdırmağa və həbs etməyə çalışırdı. Bundan sonra, müəyyən ictimai iğtişaşlar başlayıb və bu iğtişaşlar zamanı bir neçə insan öldürülüb.
9. 1993-cü ilin sonlarında ərizəçi həbs olunub və Milli Təhlükəsizlik Nazirliyinin saxlanılma mərkəzinə yerləşdirilib. Barəsində olan istintaq, inter alia, vətənə xəyanət va dövlətin konstitusiya institutlarına qarşı silahlı qüvvələrdən istifadə etmək ittihamına gətirib çıxarıb.
10. 1994-cü ilin sentyabrında ərizəçi, başqa üç məhbusla saxlanılma mərkəzindən qaçıb. Ərizəçi nəhayət 1995-ci ilin avqust ayında tutulub ikinci dəfə həbs edilənə kimi gizlənib.
11. Ərizəçiyə görə, ibtidai həbsin bütün vaxtı ərzində o, işgəncənin müxtəlif formalarına məruz qalıb. Ona həkimlə görüşməyə icazə verilməyib, Həyat yoldaşının həbsi və cinayət təqibinə məruz qalması hədəsi altında o özünə qarşı ifadələr verməyə məcbur olunub. Həyat yoldaşı və oğlu daxil olmaqla, onun yaxın dostları və qohumları da hakimiyyət orqanları tərəfindən təqibə və fiziki işgəncəyə məruz qalıblar. Təqiblərin davam edəcəyindən qorxaraq, həyat yoldaşı ilə oğlu ölkəni tərk ediblər və Niderlandda sığınacaq axtarıblar.
12. Ərizəçi barəsində cinayət işinə birinci instansiya qismində Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən baxılıb. O, altı başqa ittiham olunan şəxslərlə birikdə mühakimə edilib. 12 fevral 1996-cı ildə ərizəçi vətənə xəyanətə (əmlakı müsadirə olunmaqla on iki il azadlıqdan məhrum etmə), dövlət hakimiyyətinin qanunsuz mənimsənilməsi (iki il azadlıqdan məhrum etmə), azadlıqdan qanunsuz məhrum etmə (üç il azadlıqdan məhrum etmə), silahlara icazəsiz sahib olma (beş il azadlıqdan məhrum etmə), həbsdən qaçma (iki il azadlıqdan məhrum etmə) və qanunsuz hərbi birləşmələrin yaradılmasına (əmlakı müsadirə olunmaqla ölüm cəzası) görə məhkum edilmişdir. Cəzaların birləşdirilməsi yolu ilə ərizəçi əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edilib. Ən yuxarı tribunalın qərarı olduğu üçün bu hökm qəti olub və həmin vaxtda ondan şikayət verilə bilməzdi.
13. Məhkum olunmasından sonra, 1996-cı ilin iyun ayında ərizəçi Bayıl həbsxanasının ölüm cəzasını çəkənlər üçün nəzərdə tutulmuş 5-ci korpusuna köçürülüb. Cəza növü kimi ölüm cəzasının həmin vaxtda mövcud olmasına baxmayaraq, Azərbaycanın hakimiyyət orqanları 1993-cü ildən ölüm cəzasının moratoriyası siyasətinə de fakto riayət ediblər və bu, ölüm cəzasının 1998-ci ildə ləğv olunmasınadək davam edib.
14. 10 fevral 1998-ci ildə Parlament bütün müvafiq daxili hüquqi müddəaları dəyişərək ölüm cəzasını ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edən «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul edib. Ərizəçi daxil olmaqla, ölümə məhkum olunan bütün məhkumların cəzaları avtomatik olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına dəyişdirilməli idi.
15. Yeni cəzaya baxmayaraq, ərizəçi 2001-ci ilin yanvarınadək Bayıl həbsxanasının 5-ci korpusunda (əvvəlki «ölüm yeri») saxlanıldı. Ərizəçiyə görə, Bayıl həbsxanasında həbsin şəraiti sərt və qeyri-insani olub və orada onu tez-tez döyüblər. O, müxtəlif ciddi xəstəliklərdən əziyyət çəkib və zəruri və adekvat tibbi müalicəni ala bilməyib (bax, aşağıda C. bölməsi). 2001-ci ilin yanvarında o, ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkənlər üçün Qobustan qapalı həbsxanasına köçürülüb (bundan sonra — «Qobustan həbsxanası»).
B. Apellyasiya və kassasiya məhkəmələri tərəfindən cinayət işinə yenidən baxılması
16. 2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə yeni CPM-in qüvvəyə minməsindən əvvəl 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət-prosessual qaydalara müvafiq olaraq çıxarılmış birinci instansiya məhkəməsinin qərarlarından şikayət etməyə icazə verən keçid qanunu qəbul edib.
17. Bundan bir qədər sonra, Azərbaycan Avropa Şurasına daxil olarkən, ərizəçi Baş Katibin müstəqil ekspertləri tərəfindən «siyasi məhbus» hesab olunub (ekspertlərin müvafiq hesabatlarında ərizəçinin adı «Əlikrəm Hümbətov» kimi göstərilib, ola bilər ki, bu onun adının rus dilindən tərcüməsinə uyğun olsun). Azərbaycan üzərinə öhdəlik götürüb ki, bu ekspertlər tərəfindən «siyasi məhbus» kimi tanınan bütün şəxsləri buraxsın və ya onların işinə yenidən baxsın.
18. 2000-ci ildə daxili cinayət və cinayət-prosessual qanunvericiliyin islahatından sonra və «siyasi məhbusların» işinə yenidən baxmaq haqqında Avropa Şurası qarşısında Azərbaycanın öhdəliklərini nəzərə alaraq, 20 dekabr 2001-ci ildə Baş Prokuror ərizəçinin işinə yenidən baxılmasına icazəni xahiş etməklə, Apellyasiya Məhkəməsinə apellyasiya protesti verdi. 24 yanvar 2002-ci ildə Apellyasiya Məhkəməsi bu müraciəti təmin etdi və Ali Məhkəmənin 12 fevral 1996-cı il tarixli hökmündən şikayətin verilməsinə icazə verdi.
19. 29 yanvar 2002-ci ildə ərizəçi Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini verdi. O, məhkəmədən xahiş etdi ki, işin yeni istintaqını aparsın, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və xarici təşkilatların, rəsmilərinin iştirakı ilə adi məhkəmə zalında açıq iclas keçirsin və 1993-cü ildə Lənkəran regionunda olan siyasi hadisələrə qiymət versin. 23 aprel 2002-ci ildə Apellyasiya Məhkəməsi qərara gəldi ki, yeni istintaq və açıq araşdırma barədə ərizəçinin tələblərini təmin, qalan tələbləri isə rədd etsin.
20. Mahiyyəti üzrə məhkəmə iclası Ədliyyə Nazirliyinin Saxlanılma Mərkəzində keçirilməli idi. Lakin 13 may 2002-ci ildə Apellyasiya Məhkəməsi Nazirliyin Saxlanılma Mərkəzində təmir işləri aparıldığına əsaslanaraq, iclasın keçirilməli olduğu yeri Qobustan həbsxanasına dəyişdirdi. Ərizəçi Qobustan həbsxanasında keçirilən hər hansı iclasda iştirak etməkdən imtina etməklə bu qərara etiraz etmişdir. 14 may 2002-ci ildə Apellyasiya Məhkəməsi onun məcburi iştirakını əmr etdi.
21. Apellyasiya Məhkəməsinin mahiyyəti üzrə iclasları ümumi sahəsi 150 m2 olan, ayrıca müşavirə otağı daxil olmaqla, məhkəmə zalına malik olan Qobustan həbsxanasında keçirilib. Hökumətə görə, bu məhkəmə zalı müşahidələr üçün 50 nəfərlik yerə malik olub.
22. Tərəflər Qobustan həbsxanası ilə Bakı arasında həqiqi məsafə ilə bağlı ixtilafa düşmüşlər (Hökumətə görə 45 kilometr, ərizəçiyə görə isə 75 kilometr). Bakıdan həbsxanaya mütəmadi nəqliyyat mövcud deyildir. Həbsxananın ciddi buraxılış rejiminə görə müşahidəçi kimi iclasda iştirak etmək niyyətində olan şəxslər bunun üçün sədrlik edən hakimdən icazə almalı olmuşlar. Sədrlik edən hakim öz növbəsində belə şəxslərin həsbxanaya keçməyə icazənin verilməsi üçün həbsxana müdiriyyətinə müraciət edirdi. İclasa buraxılan müşahidəçilər həbsxananın məhkəmə zalına daxil olmaqdan əvvəl şəxsi axtarışa məruz qalmışlar.
23. Apellyasiya Məhkəməsi iyirmidən artıq iclaslar keçirib və birinci instansiyada araşdırma zamanı dindirilmiş altı şəxsin ifadələri iclas zamanı oxunulmaqla, 60-dan artıq şahidlərin ifadələrini araşdırıb.
24. Apellyasiya araşdırmalarının gedişatında ərizəçi bir neçə vəsatətlər vermiş, inter alia, məhkəmənin qərəzsizliyini mübahisələndirmiş, iclasların audio və video lentə alınmasını, açıq və yüksək təhlükəsiz həbsxanasından uzaq keçirilməsini, əlavə şahidlərin ifadələrinin və başqa əlavə sübutların qəbul olunmasını məhkəmədən tələb etmişdir.
25. 10 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin barəsində cinayət işi üzrə yekun qərarını çıxardı. Apellyasiya Məhkəməsi ərizəçinin əmlakının müsadirə olunması hissəsinə aid 12 fevral 1996-cı il tarixli əvvəlki hökmü ləğv etdi. Lakin Apellyasiya Məhkəməsi ərizəçinin məhkum olunmasını qüvvədə saxladı və 10 fevral 1998-ci il tarixli dəyişiklikləri nəzərə almaqla, cinayətlərin törədildiyi vaxtda tətbiq edilməli olan cinayət qanununa müvafiq olaraq ona ömürlük azadlıqdan məhrum etmə cəzasını təyin etdi.
26. Ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti verdi. Şikayətində o, inter alia, Apellyasiya Məhkəməsi tərəfindən daxili qanunvericiliyin maddi və prosessual normalarının pozulmasından, Qobustan həbsxanasında keçirilən araşdırmanın açıq və ədalətli olmamasından, eləcə də ömürlük azadlıqdan məhrum etmə cəzasının qanunsuz olmasından şikayətləndi.
27. 05 fevral 2004-cü il tarixli qərarı ilə Ali Məhkəmə ərizəçinin kassasiya şikayətini təmin etmədi. Bu məhkəmə ömürlük azadlıqdan məhrum etmə cəzasını saxladı, lakin 10 fevral 1998-ci il tarixli dəyişikliklərlə 1960-cı il tarixli əvvəlki Cinayət Məcəlləsinin tətbiq edilməsi əvəzinə hökmün əsasında duran hüquq pozuntusunu yeni Cinayət Məcəlləsinin 279.3-cü maddəsinə tövsif edərək, Apellyasiya Məhkəməsinin qərarını qismən dəyişdirmişdir. Apellyasiya baxışının açıq keçirilməməsinə dair ərizəçinin şikayətinə gəldikdə, Ali Məhkəmə belə qənaətə gəldi ki, müstəqil müşahidəçilərin məhkəmə araşdırılmasına qoşulmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyü üçün bu şikayət əsassızdır.
C. Həbs zamanı tibbi müalicə
1. Həbsxanada ərizəçinin sağlamlıq kitabçası
28. Hökumət tərəfindən təqdim olunmuş tibbi məlumatlardan, bu məlumatların fərqli olduğu nəzərə alınmaqla, aşağıdakılar görünür.
(a) 15 aprel 2002-ci ilədək
29. 1995-ci ildə həbs ediləndən sonra ərizəçi 07 noyabr 1995-ci ilədək Bakı şəhəri Polis İdarəsinin müvəqqəti saxlanılma kamerasında yerləşdirilmişdir. Bu müddət ərzində onun barəsində hər hansı tibbi yoxlamalar aparılmayıb.
30. 07 noyabr 1995-ci ildə o, 1 saylı İstintaq təcridxanasına keçirilmiş və 28 dekabr 1995-ci ilədək orada saxlanılmışdır. 08 noyabr 1995-ci ildə o, həkim tərəfindən müayinə olunub və onun vərəmə yoluxmaması, eləcə də onda yaraların olmaması müəyyən olunub. Ərizəçi, həmçinin həkimi məlumatlandırıb ki, 1992-ci ildə iki dəfə infarkt keçirib.
31. 28 dekabr 1995-ci ildən 03 iyun 1996-cı ilədək ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin saxlanılma kamerasında yerləşdirilmişdir. Görünür ki, bu müddət ərzində o, bir neçə dəfə həkimlə görüşməyi tələb edib və iztirab çəkməkdən, sinəsində ağrıdan, eləcə də görmək qabiliyyətinin pisləşməsindən şikayətlənib. Lakin hər hansı ciddi xəstəliklər müəyyən edilməyib.
32. Ərizəçiyə görə, 1996-cı ilin iyun ayından 2001-ci ilin yanvar ayınadək saxlanıldığı Bayıl həbsxanasında o, müxtəlif dövrlərdə adları İsmayıl Bəşirov (ya Behbudov), Akif Qasımov, Hafiz Hacıyev, Azad Quliyev və Surqay olan şəxslərlə bir kamerada saxlanılıb. Bu şəxslər artıq ciddi şəkildə vərəmlə xəstələnmiş və bundan sonra vəfat etmişlər.
33. 2006-cı il ərzində ərizəçi bir neçə dəfə sinəsində ağrılardan şikayətlənib. 1997-ci ilin fevral-mart aylarında ərizəçi bir neçə dəfə həbsxana həkimi tərəfindən müayinə olunub və onun stenokardiya, xroniki bronxit və asteniya kimi bir neçə xəstəliklərə düçar olması müəyyən olunub. Bu vaxtlar onun hündürlüyü 175 santimetr, çəkisi isə 55 kiloqram olub.
34. 22 aprel 1997-ci ildə həbsxana həkimləri ərizəçinin ağ ciyərində vərəm aşkar ediblər. 23 aprel 1997-ci ildə o, rentgen müayinədən keçib və bu müayinə ilə onun «sol ağ ciyərində vərəmin» olması təsdiq edilib. Ona streptomisin, rifampisin, hemodez, multivitamin və vitamin B daxil olmaqla müxtəlif dərmanlar yazılıb. 15 aprel 1998-ci ildə aparılan sonrakı tibbi yoxlama xəstəliyin hələ də mövcud olduğunu aşkar edib. 07 sentyabr 1998-ci ildə xəstəliyin yaxşılaşması müşahidə olunub.
35. 19 may 1999-cu ildə ərizəçi «yaxşılığa doğru gedən vərəm» xəstəsi olan kimi müəyyən olunmuş və ona izoniazid, rifampisin və multivitaminlar yazılmışdır. 07 sentyabr 1999-cu il tarixdə ona streptomisin və rifampisin yazılıb.
36. 2000-ci ilin fevral ayında ərizəçi, onun sağlamlıq vəziyyətindən narahatlığı ifadə edən və hakimiyyət orqanlarından zəruri tədbirlərin görülməsini tələb edən Helsinki Vətəndaş Assambleyasının nümayəndələri tərəfindən ziyarət olunub. Bundan sonra, 16 mart 2000-ci ildə həbsxana həkimlərinin başqa tibbi müayinəsi vərəmin yenidən aktivləşməsini və stasionar müalicənin zəruri olduğunu aşkar edib. 20 mart 2000-ci ildə ərizəçi vərəmdən əziyyət çəkən məhbuslar üçün nəzərdə tutulmuş, Bakının yaşayış məntəqəsi olan Binədə yerləşən 3 saylı Xüsusi Tibb Müəssisəsinə keçirilmişdir.
37. Ərizəçiyə görə, həbsxana həkimləri tərəfindən onunla pis rəftar edilib və yalnız 26 mart 2000-ci ildə o, tibbi müalicəni almağa başlayıb. Müalicə Dünya Səhiyyə Təşkilatının DOTS (Birbaşa Müşahidə Olunan Müalicə, Qısa-kurs) proqrama əsaslanıb. Ərizəçi izoniazid, ezambutol, rifampisin, streptomisin, pirazinamid və multivitaminlərlə müalicə edilib. 18 may 2000-ci ildə ərizəçi, vərəmin simptomları əsasən aradan qaldırıldığı üçün «kliniki sağalmış» hesab olunub. 19 may 2000-ci ildə ərizəçi xəstəxanadan buraxılıb və həbsxana kamerasına qaytarılıb. Xəstəxanada ərizəçinin həqiqi stasionar müalicəsinin müddəti 49 gün olub.
38. 27 yanvar 2001-ci ildə Qobustan həbsxanasına keçirilməsindən sonra ərizəçi həbsxana həkiminə təngnəfəslikdən, baş ağrılarından, tərləməkdən, öskürməkdən və sinə ağrılarından şikayət edib və ona izoniazid, rifampisin və başqaları kimi müəyyən dərmanlar yazılıb. 15 iyun 2001-ci ildə ərizəçinin «sol ağ ciyərində möhkəmlənmə fazasında vərəm» və streptokokkal impetigo (dəri infeksiyası) müəyyən olunub və ona impetigo üçün tibbi müalicə yazılıb. 16 iyul 2001-ci ildə yeni dərmanlar yazılıb və görünür ki, dəri xəstəliyi sonra sağalıb.
39. 11 fevral 2002-ci ildə ərizəçidə xroniki bronxopnevmoniya və xroniki enterokolit aşkar olunub.
(b) 15 aprel 2002-ci ildən sonra
40. 2002-ci ilin 23 aprel tarixindən 03 may tarixinədək ərizəçi Apellyasiya Məhkəməsində aparılan araşdırmaların iddia olunan ədalətsizliyinə etiraz edərək, aclıq aksiyasını keçirirdi. Bu müddət ərzində o, hər gün həkim tərəfindən ziyarət edilirdi.
41. 05 may 2002-ci ildə kürəyində ağrılar haqqında şikayətlərindən sonra onda radikulit müəyyən olunub və ona xardal plastırla müalicə yazılıb. 10 may 2002-ci ildə ərizəçidə «hipertonik növdə neyrosirkulyator distoniya» müəyyən olunub və ona kaptoril, adelfan, papaverin, dibazol və başqa dərmanlar yazılıb.
42. 22 may 2002-ci ildə o, həkim tərəfindən müayinə olunub və öskürməkdən, böyük həcmdə bəlğəmin sekresiyasından, baş ağrılarından və ümumi zəiflikdən şikayətlənib. Onda ağır xroniki bronxit müəyyən olunub və ona kanamisin, biseptol, vitamin B və başqa dərmanlar yazılıb.
43. 14 noyabr 2002-ci ildə apellyasiya prosesi gedərkən, ərizəçinin vəkili onun səhhətinin pisləşməsini iddia edərək və onun barəsində tibbi müayinənin keçirilməsinin təşkil edilməsini xahiş edərək, Apellyasiya Məhkəməsinin sədrinə məktub yazdı. 28 noyabr 2002-ci ildə ərizəçi həbsxananın üç həkimi tərəfindən müayinə olunub və onlar öz hesabatlarında qeyd ediblər ki, ərizəçinin səhhətində hər hansı pisləşməni müəyyən etməyiblər.
44. 03 dekabr 2002-ci ildə ərizəçi bu müraciətə müvafiq olaraq həmin vaxtda Ədliyyə Nazirliyinin tərkibində olan Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin («MQİBİ») mütəxəssislərinin iştirakı ilə həbsxananın bir neçə həkimi tərəfindən müayinə olunub. Ərizəçidə «möhkəmlənmə fazasında mərkəzləşdirilmiş vərəm», aterokardioskleroz və daxili hemorrhoids müəyyən olunub. Həkimlər belə qənaətə gəliblər ki, nə ambulator, nə də stasionar müalicə tələb olunub və məsləhət veriblər ki, ərizəçi diyeta saxlasın və oturan yerdə isti vannalar qəbul etsin (elə bir vanna növüdür ki, onda yalnız bud və yanlar suya batırılır), lakin diyetanın növünü və vannaların mütəmadiliyini göstərməyiblər. Ərizəçiyə görə, onların Qobustan həbsxanasında olan kameralarında isti su olmayıb və isti duşu həftədə yalnız bir dəfə qəbul etməyə icazə verilirdi.
45. 20 dekabr 2003-cü ildə ərizəçi onun vəziyyətini müsbət hesab edən həbsxana həkimi tərəfindən müayinə olunub və belə qənaətə gəlinib ki, stasionar müalicə üçün ehtiyac yoxdur.
46. 04 yanvar 2003-cü ildə ümumi zəiflikdən, sinə və baş ağrılarından şikayətlərindən sonra ərizəçini tibbi müayinə ediblər. Onda işemiya, aterokardioskleroz və stenokardiya müəyyən olunub və ona korvalol və aspirin daxil olmaqla bir neçə dərmanlar yazılıb.
47. 09 fevral 2003-cü ildə ərizəçi anal hissədə ağrıdan şikayətlənib və onda qemorroid müəyyən olunub.
48. 18 fevral 2003-cü ildə ərizəçinin vəkili tibbi müayinə üçün bir də müraciət etdi. Bu müraciət 27 fevral 2003-cü ildə təkrarlanıb. MQİBİ-nin Tibb İdarəsinin rəisi cənab Dadaşovun 06 mart 2003-cü il tarixli məktubu ilə cavab verilib ki, ərizəçi 05 mart 2003-cü ildə müayinə olunub, onun vəziyyəti qənaətbəxş hesab edilib, stasionar müalicə tələb olunmayıb və o, adekvat simptomatik ambulator müalicə qəbul edirdi.
49. 03 aprel 2003-cü ildə ərizəçidə hipertoniya və bronxopnevmoniya müəyyən olunub və ona bir neçə dərmanlar yazılıb.
50. 11 iyun 2003-cü ildə ərizəçi Azərbaycanın Kardioloji Mərkəzinin müstəqil həkimi tərəfindən müayinə olunub və onda hipertoniya, xroniki bronxit və osteoxondroz müəyyən olunub və ona bir neçə növ dərmanlar yazılıb.
51. 25 dekabr 2003-cü ildə ərizəçinin tibbi sənədlərini yoxlayarkən, MQİBİ-nin Tibb İdarəsinin rəisi tibbi hesabat («MQİBİ-nin tibbi hesabatı») tərtib etdi və bu hesabatda ərizəçinin səhhətinin vəziyyəti haqqında tibbi rəyini ifadə etdi.
52. MQİBİ-nin tibbi hesabatının çox hissəsi 1997-ci ilin aprel ayından 2003-cü ilin dekabrınadək həbsxanada olduğu müddətə dair ərizəçinin tibbi sənədlərinin təfsilatlı xülasəsindən ibarət olub. Hesabatda aparılmış tibbi müayinələr və hər bir halda təyin olunmuş müalicə qeyd olunub. MQİBİ-nin hesabatında göstərilib ki, hər xəstəlik tələb olunan diqqətlə müalicə olunub və zərurət olduqda, ərizəçi lazımi dərmanlarla və vərəmə görə stasionar müalicə daxil olmaqla, başqa müvafiq müalicə ilə təmin edilib. Hesabat təqdim edirdi ki, belə müalicənin nəticəsində ərizəçinin səhhəti yaxşılaşıb. Nəticədə qeyd olunub ki, hesabatın tərtib olunduğu vaxtda ərizəçinin səhhəti qənaətbəxş olub və ona nə ambulator, nə də stasionar müalicə tələb olunub.
53. Təcili tibbi nəzarətin göstərilməsi haqqında ərizəçinin vəkilinin başqa müraciətinə müvafiq olaraq, ərizəçi 10 iyun 2004-cü il tarixdə MQİBİ-nin və Səhiyyə Nazirliyinin həkimləri tərəfindən müayinə olunub. Qeyd olunub ki, onda aterokardioskleroz, miokardiumda müəyyən dəyişikliklər, möhkəmlənmə fazasında mərkəzi vərəm və kəllə-beyin zədəsinin qalıq əlamətləri vardır. Həkimlər belə qənaətə gəliblər ki, ərizəçinin səhhəti qənaətbəxş olub və ona nə ambulator, nə də stasionar müalicə tələb olunub.
2. Müstəqil tibbi rəy
54. Ərizəçinin müraciətinə əsasən, 05 mart 2004-cü ildə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Tibbi Komissiyasının sədri ərizəçinin tibbi sənədlərinə əsaslanan müstəqil tibbi ekspert rəyi verdi («HVA rəyi»). Ekspert qeyd etdi ki, ümumiyyətlə, qeyri-mütəmadi və qeyri-müvafiq tibbi müayinələrin nəticəsində ərizəçiyə xaotik və kifayət qədər əsaslandırılmamış diaqnozlar verilib və ona yazılmış ambulator və stasionar tibbi müalicə tamamilə səmərəsiz olub.
55. Xüsusilə, ekspert göstərdi ki, vərəmin gecikdirilmiş ilkin aşkarlanması və qeyri-dəqiq diaqnozlar xəstəliyin ağırlaşmasına gətirib çıxarıb. Zəruri olan etiopatogenetik terapiya əvəzinə, ərizəçiyə, onda nəhayət vərəmin müəyyən olunmasından üç aydan dörd ayadək müddət ərzində qeyri-adekvat ambulator müalicə göstərilib, bu isə xəstəliyin proqressiv xarakteri ilə nəticələnib.
56. 1997-ci ildən 2000-ci ilədək göstərilmiş müalicə DOTS standartları daxil olmaqla, vərəmin aktiv müalicəsinin hər hansı standartlarına cavab verməyib. Nəticədə, 1998-ci ilin aprel ayınadək xəstəlik faktiki olaraq inkişaf edib və ərizəçinin ağ ciyərinin daha geniş hissələrinə təsir göstərib. 1998-ci ilin sentyabrında tibbi hesabatlarda xəstəliyin zəifləməsinin qeyd olunmasına baxmayaraq, bu fakt kliniki cəhətdən təsdiqlənməyib. Belə qeyri-müvafiq müalicənin nəticəsində 2000-ci ilin martında ərizəçinin səhhəti pisləşib və hospitalizasiya tələb olunub. Stasionar müalicə DOTS proqramının standartlarına cavab verməyib, ona görə ki, tələb edildiyindən qısa, dərmanlar isə dozadan az olub. Ərizəçinin xəstəxanadan çıxmasından sonra DOTS müalicəsinin zəruri davamiyyət fazası aparılmayıb.
57. Ekspert daha sonra qeyd edib ki, ərizəçinin, həmçinin, xəstəxanaya yerləşməsindən sonra aparılmış müalicə qeyri-adekvat olub. Xüsusilə, 27 yanvar 2001-ci ildəki tibbi müayinədən sonra yalnız onun şikayətlərinə əsaslanan müəyyən dərmanlar yazılıb və müalicənin müddəti özbaşına olub. Bundan başqa, yazılmış müalicənin dieta və oturan vannalar kimi müəyyən növlərinə həbsxana şəraitində riayət edilməsi real olaraq mümkünsüz olub.
58. Ekspert, həmçinin qeyd edib ki, ərizəçinin ciddi həbsxana şəraitinə görə o, Qobustan həbsxanasında qaldığı cinahın axşam saat 7-dən səhər saat 11-dək gündəlik bağlanması ucbatından bu vaxt ərzində təcili tibbi yardım almaq imkanından məhrum olunub.
59. Nəhayət, ekspert belə qənaətə gəlib ki, 05 mart 2004-cü ildə HVA-nın rəyinin verilməsi zamanı qeyri-mütəmadi özbaşına anti-bakterioloji müalicəyə müvafiq olaraq vərəm müalicə olunmayıb və görünür ki, zəifləmə və aktivləşmənin dəyişən dövrləri ilə xroniki xarakter alıb. Ərizəçiyə dəqiq və kliniki təsdiq olunmuş diaqnoz qoyulmayıb, eləcə də, belə diaqnoza uyğun olan hər hansı zəruri və müvafiq tibbi müalicə aparılmayıb.
D. Adekvat tibbi müalicənin iddia olunan göstərilməməsinə görə kompensasiyanın əldə edilməsi cəhdləri
60. Ərizəçiyə görə, Bayıl həbsxanasının əməkdaşları ona hər hansı yazı materiallarından istifadə etməyə icazə vermədikləri üçün o, 05 yanvar 2001-ci ilədək Qobustan həbsxanasına köçürülməzdən əvvəl müvafiq tibbi müalicənin alınmamasından yazılı şikayət edə bilməyib.
61. 2001-ci ildə qeyri-məlum gündə, ərizəçi həbsxananın ehtimal olunan ağır şəraiti ucbatından səhhətinə vurulan zərərə və zəruri tibbi müalicənin göstərilməməsinə görə hakimiyyət orqanlarından kompensasiyanı tələb edərək, vəkili vasitəsilə birinci instansiya məhkəməsinə iddia verməyə cəhd etdi. Lakin ərizəçiyə görə, məhkəmə hər hansı səbəb göstərmədən onun şikayətini qəbul etməkdən imtina etdi.
62. 2004-cü ilin fevralında ərizəçi həbsxanada səhhəti pisləşdiyi üçün maddi kompensasiya barədə Daxili İşlər Nazirliyinə qarşı Səbail rayon məhkəməsində iddia qaldırdı. 03 mart 2004-cü ildə Səbail rayon məhkəməsi iddianı qəbul etməkdən imtina etdi, ona görə ki, ərizəçi Maliyyə Nazirliyini də cavabdeh kimi göstərməyib. Məhkəmə qeyd etdi ki, daxili qanunvericiliyə görə, Dövlətdən hər hansı maddi kompensasiyaya aid tələblər Maliyyə Nazirliyinə qarşı olmalıdır.
63. 2004-cü ilin mart ayında ərizəçi Maliyyə Nazirliyini də cavabdeh kimi xüsusilə qeyd etməklə yenidən iddia qaldırdı. 29 mart 2004-cü ildə Səbail rayon məhkəməsi məhkəmə aidiyyətinə riayət edilmədiyi üçün iddianı qəbul etməkdən imtina etdi. Məhkəməyə görə, Maliyyə Nazirliyinə qarşı iddialar Nəsimi rayon məhkəməsinin ərazi yurisdiksiyasına düşüb. Ərizəçi bu qərarı Apellyasiya Məhkəməsində mübahisələndirib.
64. Həmin vaxtda o, eyni iddianı Nəsimi rayon məhkəməsində qaldırıb. 13 aprel 2004-cü ildə ərizəçi tərəfindən iddiasının lazımi qaydada ifadə olunmaması və hüquqi cəhətdən əsaslandırılmaması səbəbindən Nəsimi rayon məhkəməsi iddianı qəbul etməkdən imtina edib.
65. 07 may 2004-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin Səbail rayon məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarından şikayəti araşdırıb. Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və qərara gəlib ki, cavabdehlərdən biri olan Daxili İşlər Nazirliyi məhkəmənin yurisdiksiyası altına düşdüyünə görə Səbail rayon məhkəməsi işə baxmağa ərazi yurisdiksiyasına malikdir. Müvafiq olaraq, iş mahiyyəti üzrə baxılmaq üçün Səbail rayon məhkəməsinə qaytarılıb.
66. 20 oktyabr 2004-cü ildə ərizəçinin azad olunmasından və emiqrasiyasından sonra (bax, aşağıda E. bölməsi), Səbail rayon məhkəməsi işə baxılması tarixini 10 noyabr 2004-cü ilə təyin etdi.
67. Səbail rayon məhkəməsinin 10 noyabr 2004-cü il tarixli Hökumət tərəfindən təqdim olunmuş qərardadının surətinə görə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 259.0.7, 263 və 264-cü maddələrinə müvafiq olaraq qərara gəldi ki, Maliyyə və Daxili İşlər Nazirliklərinə qarşı iddianı, həm iddiaçı, həm də cavabdehlər məhkəmə iclasına gəlmədikləri üçün «baxılmamış saxlasın». İddiaçının adı «Hüseynov Ələkrəm Ələkbər oğlu» kimi göstərilib. Görünür ki, ərizəçi bu qərardadın mövcudluğu barədə yalnız həmin qərardad Hökumət tərəfindən Məhkəməyə təqdim edildikdə xəbər tutub.
E. Azad olunma və emiqrasiya
68. 03 sentyabr 2004-cü ildə Prezident ərizəçi daxil olmaqla, məhkum olunmuş digər 244 şəxsi cəzanın qalan hissəsinin çəkilməsindən azad edən əfv fərmanını imzaladı. Həmin gündə Prezident ərizəçinin Azərbaycan vətəndaşlığına xitam verilməsi barədə müraciətini təmin edən sərəncam verdi.
69. Ərizəçiyə görə, o, «Azərbaycan vətəndaşlığına xitam verilməsi» barədə müraciətini hakimiyyət orqanlarının təsiri altında əfv olunması və sonrakı azad edilməsinin əvəzinə etdi. 03 sentyabr 2004-cü ildə o, Prezidentə təsir altında verməsi ehtimal olunan bu xarakterli əvvəlki «müraciətlərini» geri götürməsini göstərən məktubu yazdı.
70. Ərizəçi 05 sentyabr 2004-cü ildə həbsxanadan azadlığa buraxılıb. O, dərhal hava limanına aparılıb və oradan Niderlanda uçub.
71. 09 sentyabr 2004-cü ildə ərizəçi Niderlandda yaşamaq hüququ üçün müraciət edib və 20 sentyabr 2004-cü ildə ona bu icazə verilib.
72. Ərizəçi Niderlandda tibbi müalicə almağa çalışıb. Təqdim olunmuş sənədlərə görə, 2004 və 2005-ci illərdə aparılmış tibbi müayinələr zamanı o, sinədə ağrılardan, təngnəfəslikdən, öskürməkdən, baş ağrılarından, başgicəllənmədən, narahatlığın möhkəmlənməsindən şikayətlənib. Görünür ki, 2006-cı ilin iyun ayına ərizəçi hələ də vərəm üçün testdən keçirdi.
II. Müvafiq daxili qanunvericilik
A. Konstitusiya
73. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin III hissəsi aşağıdakıları nəzərdə tutur:
«Heç kəsə işgəncə və əzab verilə bilməz, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. ...»
B. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qəbul edilməsi və qüvvəyə minməsi haqqında» 14 iyul 2000-ci il tarixli Qanun
74. 7-ci maddə aşağıdakıları nəzərdə tutur:
«Bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən (əvvəlki) Cinayət-Prosessual Məcəlləsi ... əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafiq apellyasiya məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində (yeni) Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrinə uyğun olaraq yenidən baxıla bilər.»
C. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixli Cinayət-Prosessual Məcəlləsi
75. 27-ci maddəyə əsasən, dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istisna olmaqla, cinayət işləri üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır. 392.1.6-cı maddə nəzərdə tutur ki, ilkin iclas zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə açıq, yaxud qapalı məhkəmə iclasında baxılması məsələsini həll edir. Məcəllə şəxsi və ailə sirlərini açıqlayan sübutların tədqiqi kimi ictimaiyyətin məhkəmə iclasından çıxarılmalı olduğu bir sıra vəziyyətləri müəyyən edir (199.4-ci maddə) və ya dövlət sirri (200.4-cü maddə), yaxud da peşə və ya kommersiya sirri (201.6-cı maddə).
III. Müvafiq beynəlxalq hesabatlar və sənədlər
A. Azərbaycan həbsxanalarında səhiyyə ilə bağlı vəziyyətə aid
76. Aşağıdakılar həbsxanalarda səhiyyə xidmətlərinə aid hissədə İşgəncələrin qarşısının alınması və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza haqqında Avropa Komitəsinin Standartlarından çıxarışlardır (İQK) (İQK/İnf/E (2002) 1 — Rev. 2006, ss. 30-31):
«34. Həbsdə olan müddətdə, saxlanılma rejimindən asılı olmayaraq, həkim məhbuslar üçün hər zaman əlçatan olmalıdır. ... Səhiyyə xidməti elə təşkil olunmalıdır ki, həkimlə görüşmək barədə müraciətlər təxirəsalınmadan təmin olunsun. ...
35. Həbsxananın səhiyyə xidməti ən azı malik olmalıdır ki, mütəmadi ambulator konsultasiyaları və təcili müalicəni təmin etsin (əlbəttə, əlavə olaraq orada çox vaxt yataq yerləri ilə xəstəxana tipli bölmə olmalıdır)....
Təcili müalicəyə gəldikdə isə, həkim daimi olaraq hazır olmalıdır. Bundan başqa, birinci yardımı göstərə bilən şəxs daimi olaraq həbsxana sahəsində olmalıdır, həmin şəxsin tanınan tibbi ixtisasa malik olması arzu ediləndir.
Ambulator müalicəyə, müvafiq olaraq, səhiyyə xidməti işçiləri tərəfindən nəzarət edilməlidir; məhbusun təşəbbüsündən asılı olan sonrakı diqqətin təmin edilməsi bir çox hallarda kifayət deyildir. ...
38. Həbsxananın səhiyyə xidməti tibbi müalicənin və nəzarətin təmin edilməsi imkanına, eləcə də müvafiq diyetalara, fizioterapiyaya, reabilitasiyaya və ya zəruri olan hər hansı digər xüsusi vasitəyə adi cəmiyyətdə pasiyentlərin sahib olduqları şəraitlə müqayisə olunan tərzdə malik olmalıdır. Tibbi, nəzarətedici və texniki işçilərin təminatı, eləcə də sahə, avadanlıq və təchizat müvafiq surətdə olmalıdır.
Əczaçılığa və dərmanların yayılması üzərində lazımi nəzarət olmalıdır. Bundan başqa, dərmanların hazırlanması daimi olaraq səlahiyyətli ixtisaslaşmış işçilərə tapşırılmalıdır (farmasist, tibb bacısı və s.).»
77. Azərbaycana ziyarət haqqında İQK-nın hesabatı aşağıdakıları nəzərdə tutur:
«119. ... vərəmdən əziyyət çəkən məhbuslar üçün 3 saylı Xüsusi tibb müəssisəsinə ziyarət məqsədli xarakter daşıyıb və vərəm xəstəliyinə çox möhkəm yoluxmuş məhbusların saxlanılma yerlərinə həsr olunub. Müəssisə 1998-ci ildə yaradılaraq, müalicə üçün həm həbs olunmuş, həm də məhkum olunmuş BK-pozitiv məhbusları qəbul edir. Müalicə DOTS strategiyanın KİM-tövsiyə edib xətləri ilə birgə İCRC ilə yaxın əməkdaşlıqda 9 ayadək davam edir. ... Ziyarət zamanı müəssisə altı kamerada yerləşən 850 yerə malik olub; iki yeni kamera — biri 14 nəfərlik olmaqla qadınlar üçün və digəri 88 nəfərlik olmaqla kişilər üçün nümayəndə heyətinin ziyarətindən bir neçə gün əvvəl istifadəyə verilmişdir. Nümayəndə heyəti qeyd etdi ki, yeni kameralar çox yüksək standartlara malik olub.
120. Vərəm xəstəliyinə çox möhkəm yoluxmuş məhbuslar 5-ci kameraya yerləşdirilmişdir ki, rəsmi 200 nəfərlik olsa da, ziyarət zamanı orada 145 nəfər qalırdı. Onlardan bəziləri 1998-ci ildən oradadırlar. Nümayəndə heyətinə məlumat verilib ki, cəzaları bitdikdə, vərəm xəstəliyinə çox möhkəm yoluxmuş məhbuslar Səhiyyə Nazirliyinin xüsusi müəssisələrinə keçiriləcəklər. ... Kameradaki şərait qənaətbəxş olub: yataq yeri geniş, təmiz, səliqəli və havası təmizidi....
121. Ziyarətin əvvəlində kameranın baş həkimi nümayəndə heyətini məlumatlandırdı ki, çox möhkəm pasiyentlər yalnız ambulator müalicəni alırdı (məsələn, vitaminlər). DOTS+ müalicəsi hələ tətbiq edilməyib, baxmayaraq ki, Ədliyyə Nazirliyi İCRC ilə əməkdaşlıq edərək, bu məsələ ilə bağlı işləyən kimi görünürdü. Lakin sonradan aşkar olundu ki, kameradaki məhbusların təxminən 30-40 %-i güclü müqavimət vəziyyətində istifadə olunan vərəmə aid dərmanlar qəbul edirdi və bu dərmanlarla onları ailələri təmin edib. Eyni zamanda, qalan məhbuslar, yəni o məhbuslar ki, ailələri ilə əlaqəni itiriblər və ya maliyyə vəsaitinə malik olmayıblar, həqiqətən yalnız ambulator dərmanları qəbul ediblər. Belə qeyri-bərabər vəziyyət orada qalanlar arasında mübahisələrə səbəb ola bilər. Bundan başqa, müəssisədə işləyən psixoloqun mövcud olmadığı təqdirdə, məhbuslar onların vəziyyətində zəruri olan psixoloji köməkdən yararlanmaq imkanına malik olmayıblar.»
78. Aşağıdakılar Vərəmin Müalicəsindən çıxarışlardır: Milli proqramlar üçün Qaydalar, Dünya Səhiyyə Təşkiiatı, 1997, ss. 27 və 41:
«(Yeni hallar üçün) müalicə rejimləri 2 ay davam edən ilkin (intensiv) fazaya və adətən 4-6 ay davam edən davamiyyət fazasına malikdir. Adətən 4 dərmandan ibarət olan ilkin faza zamanı vərəm basilin tez öldürülməsi olur. Yoluxulmuş pasiyentlər 2 həftə ərzində qeyri-yoluxulmuş olur. Simptomlar inkişaf edir. Çəkilmiş-pozitiv TB bəlğəmlə olan pasiyentlərin böyük əksəriyyəti 2 ay ərzində çəkilmiş-neqativ olur. Davamiyyət fazasında daha az dərmanlar zəruridir, lakin daha uzun vaxt üçün. Dərmanların sterilizasiya effekti qalan basilini məhv edir və sonrakı təkrarlanmanın qarşısını alır. ...
Dəqiq riayət olunmuş müalicə DOTS strategiyanın elementlərindən biridir, yəni TB nəzarət üçün KİM-tövsiyə edib siyasət paketi, müalicəyə dəqiq riayət olunma nəzərdə tutur ki, nəzarət edilən pasiyent həbləri içəndə müşahidə edilsin. Bu təmin edir ki, TB pasiyenti düzgün dərmanları, düz dozalarda və düz intervalla qəbul edir.»
79. Azərbaycanın Səhiyyə Sahəsində Araşdırma Məlumatı, Dünya Bankı, II cild: Yardımçı material (Hesabat, № 31468-AZ, 30 iyun 2005) nəzərdə tutur ki:
«Yoluxucu xəstəliklər, xüsusilə TB, ölkədə sağlamlığa hədə olaraq qalmaqdadır. Eyni zamanda, qeyri-yoluxucu xəstəliklər, (bədbəxt) hadisələr, zədələr və zəhərlənmələr Azərbaycanda olan xəstəliklərin çoxunu ifadə edir, vərəm (TB), seksual yolla keçən xəstəliklər (STİS), malyariya, difteriya və HİV/AİDS kimi yeni xəstəliklər daxil olmaqla, 1980-ci illərin axırlarında azalan yoluxucu xəstəliklər 1990-cı illərin ortalarında yenidən ortaya çıxdı. Bu tendensiya (keçmiş Sovet İttifaqı ölkələrinin) təcrübəsinə uyğundur. Rəsmi statistikaya görə, 2002-ci ildə yoluxucu xəstəliklərdən ölümlər, ölümlərin ümumi sayının 3 faizini təşkil edirdi və kişilər qadınlardan üç dəfə çox zədələnirdi.
... rəsmi statistika göstərir ki, 1990-cı illərin axırlarından yoluxucu xəstəliklərdən ölümlər azalıb. Azalma bu növ ölümlərin dərəcəsini 1990-cı ildə olduğundan bir az aşağı vəziyyətə gətirib, lakin yenə də Qərbi Avropa ölkələrində olan vəziyyətdən 2,5 dəfə yüksəkdir. Göstərilən bu azalma 1995-ci ildə baş verən difteriya partlayışı ilə izah oluna bilər və bu zaman yoluxucu xəstəliklərdən ölümlər öz zirvəsinə çatmışdır. Lakin TB, qonoreya, sifilis və malyariya kimi əsas xəstəliklər araşdırılan vaxtda yoluxma dərəcəsi möhkəmləndi və/və ya inkişaf etdi....
1990-cı ildən sonra TB dairəsi, demək olar, iki dəfə genişlənib və hazırda EU-15 orta rəqəmdən altı dəfə çoxdur. Qazaxıstan və Qırğızıstan Respublikasında olan vəziyyətdən yüksək olmasa da, TB-nin dairəsi Azərbaycanda genişlənməkdə davam edir ...
Məsələn, KİM Qlobal TB Nəzarəti Hesabatına görə, 2003-cü ildə 100.000 əhaliyə yayılmış 109 hadisə olması müəyyən olunmuşdur və onlardan 14 faizi ölümlə nəticələnib ... Əlavə olaraq, multi-dərman davamlı vərəm (MDR-TB) həbsxanadakılar arasında əhəmiyyətli problem kimi müəyyən olunub ...»
80. Aşağıdakılar Azərbaycan həbsxanalarında vərəmin müalicəsinin pilot araşdırılmasında göstərilən dəlillərdir — Qabi E. Pfiffer və başqaları, Həbsxanada qalanların Multidərman-Davamlıq Vərəmi, Azərbaycan, Yoluxucu xəstəliklərin ortaya çıxması, cild 7, № 5, sentyabr-oktyabr 2005:
«Beynəlxalq Qırmızı Xaç Komitəsinə görə, Azərbaycan həbsxanalarında qalanların ümumi sayı təxminən 25.000-dir. 100.000 nəfərə 4.667 TB-nin (yəni vərəm) olmasını nəzərə alaraq, Azəri həbsxanalarında dairəsi ölkədə olan orta rəqəmdən 50 dəfə çoxdur və ölüm dərəcəsi 24 %-ə çata bilər. ...
(65 öyrənilmişlərdən) TB-nin ilk simptomları 9 və 20 il əvvəl yaranmış iki pasiyenti çıxmaqla, pasiyentlər yaxın vaxtlarda TB xəstəliyinə yoluxmuşlar ... Məhbusların çoxu əsasən az yemək yeyir (bədən çəkisinin aşağı olması göstəricilərindən göründüyü kimi) və pis kliniki şəraitdədirlər, bir çoxunun ağ ciyərində birtərəfli və ya çoxtərəfli infiltrat və boşluqlar vardır. Reaksiya verməyən pasiyentlərdən çoxu ... İCRC-nin müdaxiləsindən əvvəl qeyri-adekvat müalicə olunmuşlar. ...
Bakıda Mərkəzi Penitensiar Hospitalda olan TB pasiyentlərin təhlili həbsxana vəziyyətinin məhdudlaşdırmalarına və fikirlərinə görə çətin olub. Məhbuslara aid kliniki məlumatlar məhdud idi və əsasən özlərinin məruzə etdiyi məlumatlara əsaslanıb. Bu hospitalda təxminən 300 TB pasiyentlərindən 65-nin təhlilinə əsaslanan qənaətlər natamamdır və doğru kimi qələmə verilə bilməz. Lakin bizim pilot öyrənilməyə daha çox pasiyentlərin daxil olması, əsasən məhbusların tez-tez köçürülməsi və ölüm dərəcəsinin yüksək olması səbəbindən qərara alınmayıb. İCRC tərəfindən DOTS proqramı tətbiq edildiyi zaman TB pasiyentlərin bir çoxu ya müalicə olunmayıb və ya illər ərzində qeyri-adekvat dərman rejimini alıb.»
B. Ərizəçinin cinayət işinə dair
81. Azərbaycanın götürdüyü öhdəliklərə riayət edilməsi haqqında Avropa Şurası Parlament Assambleyasının 1305 (2002)1 Qətnaməsi aşağıdakıları nəzərdə tutur:
«ii. Assambleyaya məlumdur ki, ekspertlər tərəfindən siyasi məhbus kimi tanınan şəxslərlə bağlı yeni məhkəmə araşdırmaları başlanmışdır. Onların prosessual və digər hüquqlarının açıq-aşkar pozulması ilə bağlı narahatlıq vardır. Assambleya təkrar edir ki, bu məhkəmə araşdırmaları onlara jurnalistlərin buraxılması daxil olmaqla, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müəyyən etdiyi kimi ədalətli məhkəmə araşdırılmasının bütün müddəalarına uyğun olmalıdır. Assambleya hesab edir ki, bir neçə ay əvvəl başlamış bu məhkəmə araşdırmaları uzun müddətə getməməli və tez bir zamanda yekunlaşmalıdır.»
82. Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin Hesabatı, Azərbaycanda siyasi məhbuslar, məruzəçi cənab Klerfayt, 06 iyun 2003-cü il, Sən. 9826, nəzərdə tutur ki:
«44. Bu, İsgəndər Həmidova (test işi № 1), Əlikrəm Hümbətova (test işi № 2) və Rəhim Qazıyevə (test işi № 3) aiddir ...
46. Assambleya, özünün 1272 (2002) Qətnaməsində, paraqraf 8-də Azərbaycandan xahiş etdi ki, «onların azadlığa buraxılmasının siyasi məqsədəmüvafiqliyinə yenidən qərar versin». Bunun əvəzinə, bu məsələ ilə bağlı Baş prokurorun 26 dekabr 2001-ci il tarixli qərarına əsasən siyasi məhbus kimi tanınan bu üç şəxsin yeni məhkəmə araşdırmaları başlanıldı; bu hesabatın tərtib olunması gününə, həmin məhkəmə araşdırmaları yekunlaşmamışdır. Onlar Qobustanda yüksək təhlükəsizlik həbsxanasında aparılır.
47. 1272 (2002) Qətnaməsinin icrasına dair məsul Birgə İşçi Qrupunun üzvü (Sədr) təyin edildiyimdən sonra mən bu üç rəmzi şəxsi, eləcə də onların vəkillərini üç dəfə görə bilmişəm (İ. Həmidov istisna olmaqla). Mən Qəbul üzrə 1998 və 2000-ci illərdə Məruzəçi olduğum zaman artıq onlarla görüşmüşdüm. Ekspertlərin fikri olduğu kimi, mən də uzun zaman ərzində belə bir fikirdə olmuşam ki, bu şəxslər şübhəsiz siyasi məhbusdurlar....
49. Ə. Hümbətovun məhkəmə araşdırılması da xaotik keçirilir. Onun işi üzrə sonuncu iclas 19 may 2003-cü ilə təyin olunmuşdur, lakin sədrlik edən hakimin iştirak edə bilməməsinə görə təxirə salınıb və yeni tarix təyin edilməyib. ...
51. Biz inanırıq ki, əslində şikayət üzrə aparılan və yeni araşdırma kimi qələmə verilən bu yeni məhkəmə araşdırmaları Azərbaycanda siyasi məhbuslar üzrə Assambleyanın ifadə etdiyi gözləntilərlə bağlı prosedura aid qısa olar. Məhkəmə araşdırması əvvəldən yenidən başlamalı idi və müdafiəçilərə qarşı edilən ittihamlar əvvəlki araşdırmalardan tam və adi olaraq qaldırılmamalı idi, ona görə ki, əvvəlki hökmlər hazırda qüvvədədir və müvafiq olaraq, üç məhbus təqsirsizlik prezumpsiyasından faydalanmırlar. Bundan başqa, bu məhkəmə araşdırmalarının həbsxanada aparılmasını nəzərə alaraq (Bakıdan uzaqda, Qobustanda), insanlar üçün iştirak etmək asan deyildir. Nəhayət, müəyyən hallarda müdafiənin dəvət etdiyi şahidlər məhkəmə tərəfindən qəbul edilməmişdir.»
83. İnsan Hüquqları Liqasının Beynəlxalq Federasiyası tərəfindən 2002-ci ilin noyabrında verilmiş Məhkəmə Müşahidəsinin Beynəlxalq Missiyasının Hesabatı aşağıdakıları nəzərdə tutur:
«Beynəlxalq Missiya 2002-ci ilin 04-09 iyulunda Bakı şəhərində aparılıb. O, Kreteyl və Paris Kollegiyasında vəkil olan Lorens Roq və Kristin Martino tərəfindən aparılıb. Missiyanın məqsədi işlərinə yenidən baxılan üç siyasi məhbus olan İsgəndər Həmidov, Əlikrəm Hümbətov və Rəhim Qazıyevin məhkəmə araşdırmalarının monitorinqinin keçirilməsidir. ...
Missiya Apellyasiya Məhkəməsinin sədrindən icazə alandan sonra yalnız iki iclasda iştirak edə bilib, biri Həmidovun işinə 05 iyulda baxılanda, başqası isə Hümbətovun işi üzrə 08 iyuldakı iclasda. ...
Məhkəmə iclası xüsusi təchiz olunmuş iştirakçılar və rəsmi əməkdaşlar üçün bir neçə yeri olan həbsxana kamerasında aparılıb və bu kamera yalnız iyirmi nəfəri əhatə edə bilər, qalanlar isə çöldə gözləməlidirlər. (Müdafiəçi) ciddi nəzarət altında qəfəsdə bağlanılıb. ...
Məhkəmə araşdırmalarının aparıldığı yer əlçatma baxımından çox çətindir. Qobustan həbsxanası Bakıdan iki saat məsafədə yerləşir və ora getmək üçün ictimai nəqliyyat mövcud deyildir. Hər dəfə hakimlər, vəkillər, məhbusların ailələri və ictimaiyyət həbsxanaya çatmaq üçün iki saat yol gedir və özlərinin nəqliyyat vasitələrindən istifadə edir ki, bu da çox baha başa gəlir.
Buraxılma şərtləri həbsxanada olan kimidir. Yalnız Apellyasiya Məhkəməsinin sədri tərəfindən icazə verilmiş şəxslər iştirak edə bilərlər. Məhkəmə zalına daxil olmazdan əvvəl iki nəzarətdən keçmək lazımdır. Mobil telefonlar daxil olarkən götürülür və iclas bitdikdə qaytarılır.
Ədliyyə Nazirliyinə görə, (iclaslar) açıq olur, ona görə ki, iştirak etmək istəyən hər kəs bunu edə bilər və hətta «beynəlxalq təşkilatlar»a icazə verilib. Təcrübədə mətbuat və ailələr çox vaxt məhkəmə iclasından kənarda etiraz etməli olurlar, ona görə ki, onları içəri buraxmırlar.
Jurnalistlər diqqətlə seçilir. Missiyanın iştirak etdiyi birinci iclas zamanı jurnalistlər şikayət üçün sədrə müraciət etdi ki, onların həmkarları, xüsusilə televiziyadan olan jurnalistlər içəri buraxılmayıblar.»
Hüquqi məsələlər
I. Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu
84. Ərizəçi şikayət etdi ki, o, həbsxanada qeyri-adekvat tibbi yardım alıb. Konvensiyanın 3-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.»
A. Hökumətin ilkin etirazı
85. Məqbuliyyətə dair 18 may 2006-cı il tarixli qərardadında Məhkəmə daxili vasitələrin tükənməsinə dair Hökumətin etirazını mahiyyətlə birgə müəyyən etməyi qərara almışdır.
86. Hökumət iddia etdi ki, şikayət daxili vasitələrin tükənmədiyi üçün rədd edilməlidir, ona görə ki, ərizəçi daxili məhkəmələr qarşısında kompensasiya iddiasını qaldırmayıb. 10 noyabr 2004-cü ildə ərizəçi və ya onun vəkili üzrlü səbəb olmadan məhkəməyə gəlmədiyinə görə Səbail rayon məhkəməsi icraata xitam verdi.
87. Ərizəçi adekvat tibbi müalicənin təqdim olunmamasına dair şikayətinin inter alia həbsxana orqanları, həbsxananın tibb xidməti və Apellyasiya Məhkəməsinin sədri daxil olmaqla, müxtəlif dövlət orqanlarına tez-tez ünvanlanmasını qeyd edərək, bununla razılaşmadı. Bütün bu cəhdlər uğursuz olub və daha yaxşı tibbi nəzarət ilə nəticələnməyib. Daxili məhkəmələrdə mülki iddiaya gəldikdə isə, ərizəçi iddia etdi ki, onun tərəfindən kompensasiyanın bu yolundan istifadə etmək cəhdlərinə baxmayaraq, post faktum, (baş verdikdən sonra) zərərə görə mülki iddia səmərəli vasitə kimi qimyətləndirilə bilməz, ona görə ki, bu onun sağlamlığını bərpa edə və pozulmuş səhhətinin inkişafına gətirib çıxara bilməz.
88. Ərizəçi bildirdi ki, 05 yanvar 2001-ci ilədək o, hər hansı məhkəmə tələbi irəli sürə bilməzdi, ona görə ki, ona həbsxanada hər hansı yazı vasitələrinə sahib olmağa icazə verilməyib. 2001-ci ildə o, nəhayət vəkili vasitəsilə yerli məhkəməyə ərizə verə bilib, lakin məhkəmə naməlum səbəblərə görə onun ərizəsini qəbul etməkdən imtina edib. 2004-cü ildə yeni mülki şikayətin araşdırılmasına nail olmaq cəhdlərinə baxmayaraq, daxili məhkəmələr onun iddia və şikayətlərinə ya sadəcə olaraq məhəl qoymurdular və ya «müəyyən səbəblərə hər hansı qiymət vermədən» onları rədd ediblər. Səbail rayon məhkəməsi tərəfindən icraata xitam verilməsi barədə 10 noyabr 2004-cü il tarixli qərarın çıxarılması gününə o, artıq iki ay ərzində Niderlandda olub və onun Bakıda vəkili olmayıb. 10 may 2004-cü il tarixli iclas barədə ona və ya əvvəlki vəkilinə hər hansı bildirişlər göndərilməyib. Bundan başqa, ərizəçi bu qərarın ona deyil, soyadı «Hüseynov» olan şəxsə aid olmasını və heç zaman bu qərar barədə məlumatlandırılmamasını qeyd edərək, Səbail rayon məhkəməsinin 10 noyabr 2004-cü il tarixli qərarının həqiqiliyini mübahisələndirib.
89. Nəhayət, ərizəçi qeyd etdi ki, Hökumət onun mülki iddiasına oxşar iddianın uğurlu olmasına dair heç olmasa bir misalı gətirə bilməyib. O iddia etdi ki, dövlət orqanları həbsxanalarda tibbi müalicənin olmaması daxil olmaqla, «siyasi məhbusların» hüquqlarının pozulmasına daima göz yumub. Bu səbəbdən, ərizəçinin fikrinə görə, burada «siyasi məhbuslarda» nəzəri əlçatan olan hər hansı vasitələri xəyali, qeyri-adekvat və səmərəsiz edən inzibati təcrübə mövcud olub.
90. Məhkəmə təkrar edir ki, istifadə edilməli olan vasitələr yalnız onlardır ki, səmərəli olsunlar. Hökumətin üzərinə düşür ki, tükənməməsini iddia edərək Məhkəməni inandırsın ki, vasitə səmərəli olub, müvafiq vaxtda həm nəzəri, həm də təcrübədə ona müraciət etmək mümkün olub, yəni bu vasitə əlçatan olub, ərizəçinin şikayətlərinə aid kompensasiyanı təmin etməyə malik olub və uğurun əldə olunmasının əsaslı gözləntilərini təqdim edib. Əgər bu sübutetmə yükü təmin olunubsa, ərizəçinin üzərinə düşür ki, Hökumətin bidirdiyi vasitədən həqiqətən istifadə edilməsini və ya bu vasitənin işin xüsusi halları baxımından müəyyən səbəblərə görə qeyri-adekvat və səmərəsiz olduğunu, yaxud da onu bu tələbdən azad edən xüsusi halların mövcudluğunu göstərsin (bax, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-IV, s. 1211, § 68).
91. Bundan başqa, Məhkəmə vurğulayır ki, daxili vasitələrin tükənməsinə dair qayda müəyyən elastikliklə və həddən artıq formalizm olmadan tətbiq edilməlidir. Bu qayda nə mütləq, nə də avtomatik tətbiq ediləndir. Ona riayət olunmasının yoxlanılmasında əsas odur ki, müvafiq dövlətin hüquqi sistemində yalnız formal vasitələrin mövcudluğuna deyil, həm də onların fəaliyyət göstərdiyi ümumi hüquqi və siyasi kontekst, eləcə də konkret işin xüsusi baxımından nəzər yetirilməlidir. Bu, onu nəzərdə tutur ki, inter alia, Məhkəmə işin bütün hallarında ərizəçi tərəfindən əlçatan daxili vasitələrin tükənməsinə dair əsaslı gözlənilən olan bütün addımların atılmasını araşdırmalıdır (bax, Melnik Ukraynaya qarşı, № 72286/01, § 67, 28 mart 2006-cı il və İvanov Azərbaycana qarşı (qərardad), № 34070/03, 15 fevral 2007-ci il).
92. Məhkəmə qeyd edir ki, bir sıra hallarda ərizəçi tərəfindən həbsxana müdiriyyətinə, həbsxana həkimlərinə və başqa orqanlara səhhəti ilə bağlı problemlərdən şikayət etməsi və hakimiyyət orqanlarının ərizəçinin vərəm xəstəsi olması və bir neçə digər xəstəliklərdən əziyyət çəkməsi haqqında məlumatlı olduğu mübahisəsizdir. Bu səbəbdən hakimiyyət orqanları ərizəçinin vəziyyətindən kifayət qədər məlumatlı və lazımi kompensasiyanı təmin etmək imkanına malik olublar (yuxarıda qeyd olunan Melniklə müqayisə et, § 70). Bundan başqa, Hökumətin dəlillərindən görünür ki, onlar təkid edir ki, daxili məhkəmələrdə mülki iddianın qaldırılması hazırkı işdə iddia olunan pozuntuya dair adekvat kompensasiyanı təmin etməyə malik olub. Məhkəmə tərəfindən Azərbaycanda həbs şəraitində mülki iddianın qaldırılmasının nəzəri cəhətdən mümkün olduğunun artıq müəyyən edilməsinə baxmayaraq (bax, məsələn, Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı, № 34445/04, §§ 51-52, 11 yanvar 2007-ci il və Kunqurova Azərbaycana qarşı (qərardad), № 5117/03, 03 iyun 2005-ci il), ərizəçinin hazırkı şikayəti ümumiyyətlə həbsin şəraitinə aid olmayıb, lakin xüsusi olaraq, adekvat tibbi müalicənin təqdim olunmaması ilə bağlıdır. Ancaq hazırkı şikayətin mənasına görə, mülki iddianın ərizəçinin xüsusi şikayəti baxımından nəzəri cəhətdən tətbiq edilən vasitə olmasını güman edərək, Məhkəmə hesab edir ki, aşağıdakı səbəblərə görə o özünün fərdi işinin praktiki halları baxımından tükənən kimi hesab edilməlidir.
93. 2004-cü ilin mart ayında ərizəçi həbsxanada aldığı qeyri-adekvat tibbi müalicəyə görə kompensasiya üçün iddia qaldırdı. Lakin bu iddia mahiyyəti üzrə daxili məhkəmələrdə heç zaman araşdırılmadı. İşin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddianın daxili müstəvidə araşdırılması süni olaraq və zərurət olmadan təxirə salınmışdır. Ərizəçinin şikayəti müxtəlif formal səbəblərə görə bir neçə dəfə imtina edilmiş və 07 may 2004-cü ildə araşdırılması üçün ərizəçinin öz şikayətini ilkin olaraq düzgün təqdim etdiyi Səbail rayon məhkəməsinə qaytarılmışdır. Buna baxmayaraq, şikayət mahiyyəti üzrə yenidən bir neçə ay araşdırılmamış qalmışdır. Nəhayət, yalnız ərizəçinin azadlığa buraxılmasından və ölkədən çıxmasından sonra Səbail rayon məhkəməsi 20 oktyabr 2004-cü ildə işin mahiyyəti üzrə baxılmasını 10 noyabr 2004-cü il tarixə təyin etmək qərarına gəlib.
94. Məhkəmə qeyd edir ki, ərizəçinin vəziyyəti qeyri-adi olub, ona görə ki, o, Azərbaycanda tanınmış şəxs olub və onun barəsində olan cinayət işi ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb və əsasən Avropa Şurası olmaqla, müxtəlif beynəlxalq təşkilatların hesabatlarında mütəmadi olaraq qeyd olunub. Xüsusilə, o, Avropa Şurasının «siyasi məhbuslar» siyahısına başçılıq edib və bu səbəbdən, onun işi bir neçə illər ərzində Hökumətin beynəlxalq siyasi gündəmində olub. Buna görə, Azərbaycanın hakimiyyət orqanları və Səbail rayon məhkəməsi daxil olmaqla, hakimlər 10 noyabr 2004-cü il tarixədək ərizəçinin artıq həbsxanadan buraxıldığını, onun Azərbaycan vətəndaşlığına xitam verildiyini və ölkəni tərk etdiyini bilirdilər və ya bilməli olmuşlar. Bundan başqa, ərizəçinin vətəndaşlığını itirməsi və ölkədən çıxması tərzinin hazırkı işdə Məhkəmənin araşdırmalı olduğu məsələlərə daxil olmamasına baxmayaraq, görünür ki, azadlığa çıxdıqdan sonra ölkəni tərk etməkdən başqa onun ayrı yolu olmayıb və qısa bildiriş üzrə onun ölkəyə qayıtmaq üçün hər hansı addımı asan olmazdı.
95. Ərizəçinin vəziyyətinin yuxarıda qeyd olunan xüsusiyyətlərinə baxmayaraq, görünür ki, ərizəçinin iclasa gəlməsinin və səmərəli iştirakının təmin olunması üçün hər hansı tədbirlər görülməyib. Onun və ya vəkilinin iclas barədə əvvəlcədən məlumatlandırılmasını göstərən hər hansı sübut mövcud deyildir. Məhkəmə formal olaraq icraata xitam vermək qərarına gəlib, sanki bu, üzrlü səbəb olmadan iclasda iştirak etməmək barədə adi iş idi. Görünür ki, bundan sonra ərizəçi Səbail rayon məhkəməsinin 10 noyabr 2004-cü il tarixli qərarından xəbərsiz olub və buna görə onu yuxarı məhkəmələrdə mübahisələndirmək imkanına malik olmayıb. Bundan başqa, Məhkəmə qeyd edir ki, 10 noyabr 2004-cü il tarixli qərar iddiaçını «Hüseynov Ələkrəm Ələkbər oğlu» kimi adlandırıb. Hökumət ərizəçinin həqiqi adı ilə 10 noyabr 2004-cü il tarixli qərarda qeyd olunan şəxs arasında açıq-aşkar fərqlə bağlı hər hansı izahat və ya əsaslandırma təklif etməklə, bu qərarın həqiqiliyinə dair qanuni şübhələri aradan qaldırmayıb.
96. Yuxarıdakı qənaətləri nəzərə alaraq, mülki iddianın nəzəri cəhətdən səmərəli olmasını hətta güman etsək belə, Məhkəmə hesab edir ki, hazırkı işin praktiki halları baxımından ərizəçi əlçatan daxili vasitələri tükəndirmək üçün ondan gözlənən qədər addımlar atıb, lakin daxili hakimiyyət orqanlarından səmərəli kompensasiyanı əldə etmək üçün imkanla təmin edilməyib.
97. Buna görə, Məhkəmə Hökumətin ilkin etirazını rədd edir.
B. Mahiyyət
1. Tərəflərin dəlilləri
98. Hökumət bildirdi ki, adətən, tibbi müalicənin iddia olunan çatışmazlığı Konvensiyanın 3-cü maddəsinin mənasına görə işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, yaxud da cəza ilə nəticələnən kimi qiymətləndirilə bilməz. Bundan başqa, Hökumət iddia etdi ki, ərizəçi bütün zəruri tibbi müalicə ilə təmin olunub. Xüsusilə, onlar qeyd etdi ki, tibbi müayinə üçün ərizəçinin bütün müraciətləri təmin olunub və o, hökumət həkimləri tərəfindən mütəmadi olaraq müayinə və zəruri olan ambulator və stasionar müalicə ilə təmin olunub. Vərəmdən əziyyət çəkən məhbuslar üçün xüsusi hospitalda ərizəçinin stasionar müalicəsindən sonra onun sağlamlıq vəziyyəti sabitləşib və bundan sonra onun səhhətinin vəziyyətində hər hansı ağırlaşma müşahidə edilməyib.
99. Hökumət ərizəçinin daimi tibbi nəzarət altında olmasını göstərmək üçün onun həbsxanada olan dövrə aid tibbi sənədlərin surətini təqdim edib. Hökumət yuxarıda göstərilən sübutları ərizəçinin bütün zəruri və müvafiq tibbi müalicəni almasını sübut etmək üçün kifayət hesab edib.
100. Bundan başqa, Hökumət iddia etdi ki, ərizəçi tərəfindən özünün iddialarının sübutu kimi gətirilən HCA-nın rəyi qeyri-peşəkarlar tərəfindən hazırlanıb, «süni şişirdilmiş tərzdə təqdim olunub və tamamilə əsassızdır». Hökumətə görə, bu rəy DOTS müalicəsinin tarixi keçmiş KİM standartlarına əsaslanıb və ərizəçinin qəbul etdiyi dozalar haqqında fakt üzrə səhv bəyanatlar edib. Buna görə, HCA-nın rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.
101. Ərizəçi hakimiyyət orqanları tərəfindən onun sağlamlığının ciddi ağırlaşması üçün bilərəkdən və qəsdən imkan verdiyini və həbs olduğu andan onu adekvat tibbi müalicədən məhrum etdiyini iddia edərək razılaşmadı. Kobud həbsxana şəraiti onun xəstəliyinin əhəmiyyətli ağırlaşmasına səbəb olub. Bir neçə tibbi müayinələr və vaxtaşırı keçirilən müalicə bu xəstəlikləri sağaltmaq üçün qeyri-adekvat və qeyri-kifayət olub. Müəyyən tibbi müalicənin ona vaxtaşırı yazılmasına baxmayaraq, o, zəruri dərmanlarla təmin olunması üçün tamamilə öz ailəsinin maliyyə köməyinə əsaslanıb. O, həmçinin qeyd etdi ki, 1997-ci ilin mayında onun tibbi müalicəsinin təmin olunması üçün qohumları həbsxana müdiriyyətinə rüşvət verməli olmuşlar.
102. Ərizəçi Hökumət tərəfindən təqdim olunmuş tibbi sənədlərin qeyri-mötəbər, həbsxanada olan dövrdə onun sağlamlıq vəziyyətini əks etdirməyən və «qeyri-obyektiv» həbsxana həkimləri və müstəqil olmayan başqa tibb işçiləri tərəfindən tərtib olunduğunu iddia edərək, bu sənədlərin doğruluğunu mübahisələndirdi. Ərizəçi əsasən HCA-nın rəyində göstərilənlərə əsaslanıb və hesab edib ki, bu sənəd Hökumət tərəfindən təqdim olunmuş çoxcildli tibbi hesabatlardan daha etibarlı olub. O qeyd edib ki, bu hesabat ərizəçinin vəziyyətinə dair həbsxana həkimlərinin qeyri-adekvat diaqnozları, həbsxanada ona göstərilmiş müalicənin qeyri-adekvatlığı, eləcə də Qobustan həbsxanasının onun cəhətinin gündəlik bağlanması zamanı təcili tibbi yardımın göstərilməsindən imtina ilə bağlı açıq-aydın olub. Bu dəlillər həbsxana şəraitinə, tibbi yardımın pis vəziyyətinə və ərizəçi kimi siyasi məhbuslar üçün tibbi yardıma, dərmanlara və yeməyə Azərbaycan hakimiyyət orqanları tərəfindən qoyulan «düşünülmüş maneəyə» dair müxtəlif beynəlxalq təşkilatların bir neçə hesabatlarında öz təsdiqini tapıb.
103. Ərizəçiyə görə, hakimiyət orqanları tərəfindən onun davamlı olaraq zəruri tibbi nəzarətlə təmin edilməməsi Konvensiyanın 3-cü maddəsinin mənası baxımından qeyri-insani və ləyaqəti alçaldan rəftarı təşkil edib.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
Məhkəmə xatırladır ki, işgəncəni və ya qeyri-insani ya ləyaqəti alçaldan rəftar, yaxud cəza, vəziyyətdən və qurbanın davranışından asılı olmayaraq, Konvensiyanın 3-cü maddəsi ilə mütləq şərtlərlə qadağan edilmişdir (bax, məsələn, Labita İtaliyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-IV). Konvensiyanın 3-cü maddəsinin dairəsinə düşmək üçün işgəncə qəddarlığın minimum dərəcəsinə çatmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbidir; o, rəftarın davamiyyəti, onun fiziki və psixi nəticələri və müəyyən hallarda qurbanın cinsi, yaşı və səhhətinin vəziyyəti kimi işin bütün hallarından asılıdır (bax, digərləri ilə yanaşı, İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, A Seriyaları, № 25, s. 65, § 162).
105. Qəddarlığın belə minimum dərəcəsinə çatan işgəncə, adətən həqiqi bədən zədələri və ya əhəmiyyətli fiziki və ya psixi əziyyətləri ehtiva edir. Lakin bunlar olmasa belə, şəxsin ləyaqətinə hörmət edilməməsi və ya azalması, yaxud fərdin mənəvi və fiziki möhkəmliyini sındıra bilən qorxu, əzab və ya natamamlıq hisslərinin oyanması alçaldıcı rəftar kimi xarakterizə edilə və həmçinin, Konvensiyanın 3-cü maddəsinin qadağası altına düşə bilər (bax, Pretti Birləşmiş Krallığa qarşı, № 2346/02, § 52, İHAM 2002-III, sonrakı istinadlarla).
106. Azadlığın məhdudlaşdırılması çox vaxt alçaldıcı elementləri ehtiva edə bilər. Bununla belə, demək olmaz ki, məhkum olunmadan sonra həbs özü Konvensiyanın 3-cü maddəsinə əsasən məsələni qaldırır. Həmçinin, bu maddə sağlamlığa görə şəxsi azad etmək və ya xüsusi tibbi müalicənin alınması üçün mülki hospitala yerləşdirmək öhdəliyini yaradan kimi təfsir oluna bilməz. Buna baxmayaraq, bu müddəa əsasında dövlət təmin etməlidir ki, şəxs insan ləyaqətinə uyğun olan şəraitdə həbsdə saxlanılsın, tədbirin icrası tərzi və üsulu həbsə xas olan əziyyətin qaçılmaz dərəcəsinin həddən artıq aşmasına səbəb ola bilən əzaba və ya iztiraba gətirib çıxarmasın və azadlıqdan məhrum etmənin praktiki tələblərini nəzərə alaraq, onun səhhəti və xoş halı adekvat olaraq qorunsun (bax, Kudla Polşaya qarşı (Böyük Palata), № 30210/96, §§ 92-94, İHAM 2000-XI və Popov Rusiyaya qarşı, № 26853/04, § 208, 13 iyul 2006).
(b) Hazırkı işə tətbiqi
107. İlk növbədə, Məhkəmə hüquqi mövqeyini xatırladır ki, şikayətin Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsi gününə, yəni 15 aprel 2002-ci il tarixədək təsadüf edən hadisələrə aid olan bu hissəsi Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxır (bax, Hümmətov Azərbaycana qarşı (qərardad), № 9852/03 və 13413/04, 18 may 2006-cı il). Lakin şikayət davamlı xarakterli vəziyyətə aid olduğu, yəni adekvat tibbi müalicənin olmaması bir neçə illik dövrü əhatə etdiyi üçün Məhkəmə hesab edir ki, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsi vaxtında ərizəçinin olduğu vəziyyəti düzgün qiymətləndirmək məqsədilə 15 aprel 2002-ci ilədək olan dövr daxil olmaqla, sözügedən dövrə ümumilikdə nəzər yetirilməsi zəruridir (bax, mutatis mutandis, Kalaşnikov Rusiyaya qarşı, № 47095/99, § 96, İHAM 2002-VI və Xoxliç Ukraynaya qarşı, № 41707/98, §§ 166 və 187, 29 aprel 2003-cü il).
108. 15 aprel 2002-ci ilədək ərizəçinin həbsi zamanı müəyyən olunmuşdur ki, həbsindən və məhkum olunmasından əvvəl onda əziyyət çəkmədiyi bir neçə ciddi xəstəliklər aşkarlanıb. Xüsusilə, Bayıl həbsxanasına köçürülənə kimi ərizəçidə vərəm tarixi olmayıb. 1 saylı İstintaq təcridxanasında 08 noyabr 1995-ci il tarixdə tibbi müayinə zamanı xüsusilə qeyd olunub ki, ərizəçi vərəmdən əziyyət çəkməyib. Bundan başqa, 28 dekabr 1995-ci ildən 03 iyun 1996-cı ilədək Milli Təhlükəsizlik Nazirliyinin saxlanılma yerində qalması zamanı hər hansı ciddi xəstəliklər aşkar olunmayıb. Vərəmin ilk simptomlarının meydana çıxması 1996-cı ilin iyun ayında onun Bayıl həbsxanasına köçürülməsi vaxtına təsadüf edir. Hökumət, ərizəçinin vərəmin aktiv formasının artıq ciddi xəstəsi olan başqa məhbuslarla bir kameraya yerləşdirilməsi barədə dəlillərini mübahisələndirmədi. Ola bilsin ki, ən azı 1997-ci ilin fevralından başlayaraq, sinə ağrıları və çəkinin əhəmiyyətli itirilməsi kimi (bax, yuxarıda 33-cü paraqraf) xəstəliyin ilk simptomları özünü büruzə verməyə başlayıb. Nəhayət, 1997-ci ilin aprelində ərizəçidə ağ ciyərin vərəmi müəyyən olunub. İşin faktiki hallarını, eləcə də həmin vaxtda Azərbaycan həbsxanalarında vərəmin çox geniş yayılması barədə statistik rəyləri, həm də vərəmlə bağlı ölkə üzrə olan vəziyyətdən həbsxanalarda təxminən 50 dəfə ağır vəziyyətin olmasına dair bəzi hesabatları (bax, yuxarıda 80-ci paraqraf) nəzərə alaraq, aşkar görünür ki, ərizəçi Bayıl həbsxanasında vərəmə yoluxub.
109. Vərəmin ilkin aşkarlanmasından sonra ərizəçiyə təqdim olunmuş müalicənin keyfiyyəti, xüsusilə 1997-2002-ci illər ərzində qeyri-adekvat kimi görünür. Xüsusilə, Məhkəmə qarşısında olan sübutlar göstərir ki, vərəmin müalicəsi üçün zəruri olan ciddi dərman rejimi təqdim etmədən ərizəçiyə qeyri-mütəmadi ambulator müalicə göstərilmişdir. Ona bir neçə anti-bakterioloji dərmanların yazılmasına baxmayaraq, xəstəlik onun ilkin aşkarlanmasından sonra bir ildən artıq müddət ərzində aktiv olmuşdur. Tibbi sənədlər göstərir ki, sonradan, 1998-ci ilin sentyabrında xəstəlik azalmaya doğru gedib, lakin 2000-ci ilin fevralında ərizəçinin vəziyyəti kəskin ağırlaşıb. Məhkəmə qeyd edir ki, yalnız Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin nümayəndələrinin müdaxiləsindən sonra həbsxana həkimləri xəstəliyin yenidən aktivləşməsini təsdiq ediblər və bundan sonra ərizəçi hospitala yerləşdirilib. Ümumilikdə, ərizəçinin tibbi sənədlərinə bu müddətə aid bir neçə yazıların daxil edilməsinə baxmayaraq, ərizəçinin vəziyyətinə dair mütəmadi yoxlamaların keçirilib-keçirilməməsi, onun daimi tibbi nəzarət altında olub-olmaması və ya göstərilmiş doza, mütəmadilik və davamiyyət nəzərə alınmaqla, ərizəçiyə yazılmış dərmanların ona düzgün verilib-verilməməsi aydın deyildir.
110. 2000-ci ilin mart ayından may ayınadək ərizəçinin hospitalda müalicəsi 49 gün davam edib, bu isə KİM tərəfindən tövsiyə edilən vərəmin müalicəsinin iki aylıq ilkin fazasından az olub. Bundan başqa, tibbi sənədlərdən ilkin fazadan sonra dörd aylıq və ya altı aylıq davamiyyət fazasına riayət edilib-edilməməsi və riayət edildiyi halda, bu müddət ərzində dərmanların qəbulunun DOTS strategiyasının tələb etdiyi kimi nəzarət altında olması aydın deyildir. Buna görə, stasionar müalicənin səliqəsizliyi, hansı ki, Hökumətin tibbi sənədlərinə görə pozitiv olub, ərizəçinin sağalmış hesab olunduğunu nəzərə alaraq, Hökumət tərəfindən təqdim olunmuş sübut stasionar müalicənin adekvat kimi müəyyən olunması üçün kifayət deyildir. Bu mənada, Məhkəmə ərizəçinin stasionar müalicəsinin DOTS-un standartlarına cavab verməməsinə dair HVA-nın rəyinə də nəzər yetirir.
111. Müvafiq olaraq, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsi vaxtına, ərizəçi Qobustan həbsxanasına köçürülməzdən əvvəl saxlanıldığı Bayıl həbsxanasının pis saxlanılma şəraitinə görə yoluxduğu vərəm daxil olmaqla, artıq bir neçə müxtəlif xəstəliklərdən əziyyət çəkib. Bu vaxtadək onun səhhəti ümumilikdə əhəmiyyətli ağırlaşmışdır. Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsi tarixindən, yəni 15 aprel 2002-ci ildən sonra isə Konvensiyanın 3-cü maddəsi Qobustan həbsxanasından ərizəçinin sağlamlığını və xoş halını adekvat qorumağı Dövlətdən tələb edib (bax, yuxarıda 104-106-cı paraqraflar). Buna görə, Məhkəmə 15 aprel 2002-ci il tarixindən sonra ərizəçinin hələ də mütəmadi tibbi yardıma ehtiyac duyub-duymamasını, iddia edildiyi kimi onun bundan məhrum olub-olmamasını və belə olan halda, bunun Konvensiyanın 3-cü maddəsinin ziddinə olaraq qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla nəticələnməsini müəyyən etməlidir (bax, Sarban Moldovaya qarşı, № 3456/05, § 78, 04 oktyabr 2005-ci il).
112. Tibbi sənədlər göstərir ki, Konvensiyanın qüvvəyə minməsi vaxtına, ərizəçi inter alia xroniki bronx pnevmoniyası, xroniki enterokolit, radikulit, hipertoniya, aterokardioskleroz, daxili qaemorid, stenokardiya, işemiya və osteoxondroz daxil olmaqla, hələ də bir neçə ciddi tibbi şəraitdən əziyyət çəkib. O, həbsxana həkimlərinə görə stasionar müalicədən sonra artıq aktiv olmayan, lakin HVA-nın rəyinə görə təkrarlanmaq təhlükəsi ilə xroniki xarakter alan mərkəzi vərəmdən əziyyət çəkməkdə davam edib (bax, yuxarıda 59-cu paraqraf). Mövcud olan sübutlar göstərir ki, ərizəçi bir anda və ya onun həbsi zamanı bütün deyil, lakin əksər xəstəliklərə düçar olub. Ərizəçinin ciddi xəstəliklərin belə geniş sayından əziyyət çəkməsi və 2004-cü ilin sentyabrında azad olunmasınadək sağlamlıq problemlərindən şikayətlənməsi faktı göstərir ki, o, Məhkəmənin ratione temporis səlahiyyəti daxilində hələ də mütəmadi tibbi nəzarətə ehtiyac duyurdu.
113. Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçiyə təqdim olunmuş tibbi nəzarətin adekvatlılığına dair ciddi şübhələrə səbəb olan inandırıcı sübutlar vardır. Xüsusilə, HVA-nın rəyi belə qənaətə gəlir ki, 1996-cı ildən 2003-cü ilin sonunadək olan dövr ərzində ərizəçi kobud qeyri-adekvat tibbi müalicəni qəbul edib (bax, yuxarıda 54-59-cu paraqraflar). Hökumət HVA-nın rəyini tərtib edən ekspertin «peşəkarlığını» mübahisələndirib. Məhkəmə qeyd edir ki, hər bir halda, bu, işdə olan yeganə müstəqil hərtərəfli tibbi rəydir. Məhkəmənin vəzifəsi deyil ki, ekspertizanın tibb və səhhət elmləri kimi xüsusi sahəyə aid ekspertin qənaətlərinin dəqiqliyini müəyyən etsin. Hökumət HVA-nın rəyində gəlinən qənaətlərə zidd olan və ya heç olmasa, HVA-nın ekspertinin «qeyri-peşəkarlığını» inandırıcı tərzidə aşkar edən hər hansı müstəqil və ya başqa cür etimad doğuran tibbi ekspert hesabatını nə əldə edə bilib, nə də təqdim edib. Belə olan halda, Məhkəmə HVA-nın rəyində göstərilən 15 aprel 2002-ci ildən sonrakı müddətə aid olan nəticələri qəbul edir.
114. Hökumət tərəfindən təqdim olunmuş həbsxana sənədləri göstərir ki, ərizəçi 2002-2004-cü illər ərzində bir neçə dəfə ziyarət olunub və ona dərmanlar yazılıb. Lakin ərizəçinin həkimlər tərəfindən mütəmadi və ya sistematik əsaslarla ziyarət edilməsi görünmür. Əksinə, görünür ki, bir çox hallarda ərizəçi yalnız mütəmadi nəzarətin olmaması və həkimi görməklə bağlı xüsusi tələb barədə şikayətlərindən sonra ziyarət olunub. Ona yazılmış müalicə əsasən ambulator olub və onun xəstəliklərinin sağalmasına yönələn hərtərəfli terapevtik strategiyanın olmasına işarə mövcud deyildir.
115. Bir neçə hallarda həbsxana həkimləri ərizəçini əhəmiyyətli gecikmələrlə ziyarət ediblər. Xüsusilə, ərizəçiyə tibbi yardımın göstərilməsi haqqında onun vəkilinin 14 noyabr 2002-ci il tarixli tələbindən sonra ərizəçi yalnız 28 noyabr 2002-ci ildə müayinə olunub (bax, yuxarıda 43-cü paraqraf). 18 fevral 2002-ci ildə edilmiş və 27 fevral 2003-cü ildə təkrarlanmış başqa belə tələbdən sonra ərizəçi, nəhayət, 05 mart 2003-cü ildə müayinə olunub (bax, yuxarıda 48-ci paraqraf). Məhkəmənin qənaətinə görə, ərizəçinin əziyyət çəkdiyi xəstəlikləri nəzərə alaraq, bu, adekvat və əsaslı tibbi nəzarət kimi qiymətləndirilə bilməz.
116. Bundan başqa, sadəcə ərizəçinin həkim tərəfindən ziyarət olunması və ona müalicənin müəyyən formasının yazılması faktı avtomatik olaraq tibbi müalicənin adekvat olması qənaətinə gətirib çıxara bilməz. Hakimiyyət orqanları ərizəçinin yalnız həkim tərəfindən ziyarət olunması və onun şikayətlərinin dinlənilməsi deyil, yazılmış müalicəyə riayət edilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidirlər. Məsələn, 03 dekabr 2002-ci ildə ərizəçiyə tövsiyə edilib ki, o, diyeta saxlasın və oturan yerdə isti vannalar qəbul etsin. Lakin ərizəçinin saxlamalı olduğu diyeta növü və onun davamiyyəti göstərilməyib. Həmçinin, oturan yerdə qəbul edilməli olan isti vannaların da mütəmadiliyi və ümumi davamiyyəti qeyd edilməyib. Bundan başqa, Qobustan həbsxanasında saxlanılma şəraitini nəzərə alaraq, yəni isti suya malik olmayan və həftədə bir dəfə duş qəbul edən ərizəçi tərəfindən konkret olaraq bu tibbi məsləhətə necə riayət edilməli olmasını Hökumət izah etməyib. Həbsxana müdiriyyətinin ərizəçinin adi həbsxana menyusundan fərqli olaraq, xüsusi diyet rasionu ilə təmin edilməsi və ya ona gündəlik isti suyun təqdim olunması görünmür.
117. Əlavə olaraq, həbsxana həkimlərinin Hökumət tərəfindən təqdim olunmuş jurnalında 2001-2003-cü illər ərzində bir neçə hallarda ərizəçiyə müəyyən dərmanların verilməsinin göstərilməsinə baxmayaraq, Məhkəmə ona yazılmış dərmanlarla daimi olaraq təmin olunmamasına və bu dərmanların qohumları tərəfindən verilməsinə arxalanmasına dair ərizəçinin dəlillərini qəbul edir. Bu dəlil həmin vaxtda Azərbaycanın həbsxana sistemində olan vəziyyətə dair müstəqil hesabatlarda öz təsdiqini tapıb (bax, yuxarıda 77-ci paraqraf). Hər bir halda, bu dəlil Hökumət tərəfindən mübahisələndirilməyib. Məhkəmə hesab edir ki, zəruri olan dərmanlarla təmin olunmaq üçün ailəsinin maliyyə imkanlarına müraciət etməklə bağlı ərizəçinin vəziyyəti ciddi xəstəliklər halında bunun kifayət qədər bahalı olmasını nəzərə alaraq, həbsxanada tibbi yardımın keyfiyyətini ümumilikdə qeyri-adekvat edib.
118. Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin saxlanılması şəraiti, həmçinin, təcili hallarda tibbi xidmət tərəfindən vaxtında yardımın göstərilməsinə çətinliklər yaradıb. Qobustan həbsxanasının ərizəçinin cinahının axşam saat 19:00-dan növbəti gün saat 11:00-dək gündəlik bağlanması təcili vəziyyət olduqda həkimi görmək imkanını praktiki olaraq qeyri-mümkün edirdi.
119. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, 15 aprel 2002-ci ildən sonrakı dövrdə Qobustan həbsxanasında ərizəçiyə göstərilmiş tibbi diqqət adekvat hesab oluna bilməz.
120. Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı işdə ərizəçini alçaltmaq üçün pozitiv niyyəti göstərən sübut mövcud deyildir. Lakin belə məqsədin olmaması Konvensiyanın 3-cü maddəsinin pozulmasına dair faktı qəti istisna edə bilməz (bax, V. Birləşmiş Krallığa qarşı (Böyük Palata), № 24888/94, § 71, İHAM 1999-IX və Pirs Yunanıstana qarşı, № 28524/95, § 74, İHAM 2001-III).
121. Mövcud olan sübutlardan görünmür ki, 15 aprel 2002-ci ildən sonra ərizəçinin vərəm vəziyyətində təkrarlanma olub və ya ərizəçi başqa xəstəliklər üzrə adekvat tibbi yardımın olmamasına görə davam edən kəskin ağrılara məruz qalıb. Belə olan halda, Məhkəmə hesab edir ki, onun çəkə bildiyi əziyyətlər qeyri-insani rəftarı təşkil etməyib. Lakin Məhkəmə belə nəticəyə gəlir ki, Qobustan həbsxanasında adekvat tibbi müalicənin olmaması ərizəçi tərəfindən əhəmiyyətli psixi əziyyətlərin çəkilməsinə səbəb ola bilər ki, bununla da, onun insan ləyaqəti alçaldılsın, bu isə Konvensiyanın 3-cü maddəsinin mənasına görə alçaldıcı rəftarı təşkil edib.
122. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 3-cü maddəsi pozulub.
II. Konvensiyanın 3-cü maddəsi ilə birgə 13-cü maddəsinin iddia edilən pozuntusu
123. Ərizəçi iddia etdi ki, o, Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, Konvensiyanın 3-cü maddəsinə əsasən şikayəti üçün səmərəli daxili müdafiə vasitəsinə malik deyildir. Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir.»
124. Bu şikayət üzrə tərəflərin dəlilləri, əsasən Konvensiyanın 3-cü maddəsinə aid şikayətlə bağlı daxili vasitələrin tükənməməsinə dair Hökumətin ilkin etirazı ilə eyni olub (bax, yuxarıda 86-89-cu paraqraflar).
125. Məhkəmə işarə edir ki, Konvensiyanın 13-cü maddəsi daxili hüquqi qayda çərçivəsində təmin edilə bildiyi kimi, Konvensiyanın hüquq və azadlıqlarının mahiyyətinin tətbiqi üçün milli müstəvidə əlçtan vasitənin mövcudluğunu təmin edir. Buna görə, Konvensiyanın 13-cü maddəsi tələb edir ki, daxili vasitə Konvensiyaya əsasən edilmiş «əsaslandırılmış şikayətə» mahiyyəti üzrə baxsın və müvafiq yardımı göstərsin (bax, başqa bir çox mənbələr arasında, yuxarıda qeyd olunmuş Kudla, § 157).
126. Konvensiyanın 13-cü maddəsinin öhdəlik dairəsi ərizəçinin Konvensiyaya əsaslanan şikayətinin xarakterindən fərqlənir. Buna baxmayaraq, Konvensiyanın 13-cü maddəsi ilə tələb olunan vasitə qanunvericilikdə olduğu kimi təcrübədə də səmərəli olmalıdır (bax, məsələn, İoçev Bolqarıstana qarşı, № 41211/98, § 142, 02 fevral 2006-cı il).
127. Daxili vasitələrin tükənməsinə dair əvvəlki qənaətləri (bax, yuxarıda 90-96-cı paraqraflar) nəzərə alaraq, Məhkəmə hesab edir ki, Hökumət hazırkı işin xüsusi halları baxımından, ərizəçinin həm qanunvericilikdə, həm də təcrübədə əlçatan olan vasitəyə müraciət etmək imkanında olmasını göstərə bilməyib (bax, mutatis mutandis, yuxarıda qeyd olunmuş Melnik, §115).
128. Buna görə, Məhkəmə belə nəticəyə gəlir ki, Konvensiyanın 13-cü maddəsi pozulub.
III. Konvensiyanın 6-cı maddəsinin iddia edilən pozuntusu
129. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edib ki, apellyasiya baxışı zamanı onun ədalətli və açıq məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış, o, onun xeyrinə ifadə verməyə hazır olan şahidlərin dindirilməsi imkanından məhrum olunmuş və məhkəmə prokurorluğun tərəfinə qərəzli olub və hər hansı əsaslandırma etmədən onun vəsatətlərinin əksriyyətini rədd edib. Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«1. Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... məhkəmə vasitəsilə, ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda, mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. ...
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: ...
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq...»
A. Tərəflərin dəlilləri
130. Hökumət bildirdi ki, yalnız apellyasiya baxışının həbsxanada keçirilməsi faktı araşdırmaların açıq olmamasına dair qənaətə gətirib çıxarmamalıdır. Onlar iddia etdi ki, ictimaiyyət və media iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılıb və onlara məhkəmə araşdırılmasına səmərəli buraxılış təqdim edilib.
131. Hökumətə görə, Qobustan həbsxanası Bakıdan 45 kilometr məsafədə yerləşib. Məhkəmə araşdırılmasında ictimaiyyətin iştirakının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyi Bakıdan Qobustan həbsxanasına mütəmadi avtobus xidmətini təşkil edib.
132. Məhkəmə araşdırılması sahəsi 150 m2 olan otaqda aparılıb. Bu otaq adi məhkəmə zalı kimi təchiz olunub və ona qoşulan ayrıca müşavirə otağına malik olub. Orada, həmçinin, hakimlər, müdafiəçi, müdafiə vəkilləri, media nümayəndələri üçün yerlər və müşahidəçilər üçün təxminən 50 yer olub. Məhkəmə araşdırılmasında iştirak etmək istəyən hər hansı şəxs sədrlik edən hakimə müraciət edə bilər, sonuncu isə öz növbəsində, bu şəxsin həbsxanaya buraxılmasına icazənin verilməsi məqsədilə həbsxana orqanlarına müraciət edirdi. Bu dəlilin təsdiqi kimi, Hökumət sədrlik edən hakimin jurnalistlər daxil olmaqla, təxminən 40 nəfərdən ibarət olan siyahıda qeyd olunan şəxslərin məhkəmə araşdırılmasına iştirak etmək üçün icazənin verilməsi xahişi ilə Qobustan həbsxanasının müdirinə ünvanlanan 13 may 2002-ci il tarixli məktubu təqdim edib.
133. Hökumət işarə etdi ki, məhkəmə araşdırılmasına xarici səfirliklərin, Avropa Şurası daxil olmaqla, beynəlxalq təşkilatların, yerli qeyri-hökumət təşkilatlarının və ərizəçinin qohumlarının nümayəndələri qatılıb. Məhkəmə araşdırılmasının gedişi bir neçə televiziya kanalları, qəzetlər və xəbər agentlikləri vasitəsilə media tərəfindən yayımlanıb.
134. Daha sonra Hökumət bildirdi ki, Apellyasiya Məhkəməsi həqiqətin müəyyənləşdirilməsi üçün zəruri olan bütün şahidləri dindirib. Ümumilikdə, məhkəmə araşdırılması zamanı müdafiə tərəfinin xahişi ilə dindirilən on nəfər daxil olmaqla, 62 nəfər dindirilib. Əlavə olaraq, əvvəlki məhkəmə araşdırılması zamanı dindirilmiş altı şahidlərin yazılı ifadələri müdafiə tərəfinin xahişi ilə Apellyasiya Məhkəməsində araşdırma zamanı oxunub.
135. Ərizəçi mübahisələndirib ki, hakimiyyət orqanları məhkəmə araşdırılmasının uzaq və çətin əlçatan olan yüksək təhlükəsizlik həbsxanasında aparılması ilə bağlı hər hansı əsaslandırma gətirməyiblər. O iddia etdi ki, məhkəmə araşdırılmasının məsafəli yerdə aparılması ictimaiyyətin iştirakının qarşısını mümkün qədər almaq və məhkəmə araşdırmalarını «ictimai diqqətdən uzaq» saxlamaq üçün cəhd idi. Ərizəçinin təhlükəli olmasına və ya qaça bilməsinə, yaxud məhkəmə araşdırılması zamanı ictimai qayda və ya milli təhlükəsizlik üçün hər hansı hədənin olmasına heç bir işarə mövcud deyildir. İşin Avropa Şurası tərəfindən ərizəçinin siyasi məhbus kimi tanınmasından sonra onun barəsində «yenidən məhkəmə araşdırılmasına» aid olduğuna görə, hakimiyyət orqanları məhkəmə araşdırmalarının açıqlığı ilə bağlı xüsusi məsuliyyətə malik olub və onun ictimaiyyətə əlçatan və açıq olması üçün xüsusi səy göstərməli idi.
136. Ərizəçiyə görə, Qobustan həbsxanası Bakıdan 75 kilometr məsafədə yerləşib. Həbsxanaya hər hansı ictimai nəqliyyat olmayıb.
137. Ərizəçi təsdiq edib ki, bir neçə iclasda onun ailə üzvləri, eləcə də kütləvi informasiya vasitələrinin, qeyri-hökumət və başqa təşkilatların nümayəndələri iştirak edib. Lakin Hökumətin əksinə olaraq, ərizəçi bildirdi ki, Ədliyyə Nazirliyi tərəfindən təşkil olunmuş mütəmadi avtobus olmayıb. Onun ailəsi öz maliyyə vasitələrindən istifadə edərək, məhkəmə araşdırılmasında iştirak etmək istəyənlər üçün Bakıdan Qobustana avtobus kirayələyib. Maliyyə çətinliklərinə görə bu, daimi olaraq mümkün olmayıb. Ailəsi müəyyən iclaslar üçün avtobus kirayələmək imkanına malik olmadıqda, bu iclaslarda ya heç bir və ya çox az kənar müşahidəçi olub. Bundan başqa, ərizəçi mübahisələndirdi ki, müəyyən hallarda sədrlik edən iclasda iştirak etmək istəyən müəyyən şəxslərə həbsxanaya daxil olmaq icazəsini verməyib.
138. Ərizəçi daha sonra bildirdi ki, məhkəmə zalında yerlərin çoxu hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulmuşdu və nəticədə, kənar müşahidəçilərin məhdud sayı iştirak etmək imkanında olub. Daxil olmaq icazəsini alanlar isə bilərəkdən qorxuducu tərzdə ciddi şəxsi axtarışa məruz qalırdı və bunun məqsədi insanları məhkəmə iclasına gəlməkdən çəkindirmək olub. Müdafiə tərəfin vəkilinin bir çox müraciətlərinə baxmayaraq, məhkəmə araşdırmasının bütünlüklə audio və video yazılması qadağan edilib, protokollar adətən nöqsanlı olub və ərizəçinin xeyrinə olan fakt və ifadələr qəsdən buraxılıb.
139. Ərizəçi daha sonra bildirdi ki, məhkəmə tərəfindən dinlənilən əksər şahidlər prokurorluğun şahidləri olub. Məhkəmə zalında oxunan şahid ifadələrinin mötəbərliliyini və düzgünlüyünü mübahisələndirmək imkanı müdafiə tərəfinə verilməyib. Bundan başqa, müdafiə üçün ən vacib olan şahidlər dinlənilməyib. Həmçinin, müdafiə tərəfinin məhkəmənin qərəzliliyini mübahisələndirən, yeni sübutların qəbul olunmasını xahiş edən və s. vəsatətlərinin çoxu rədd olunub və ya qısa, yaxud ümumiyyətlə, əsaslandırılmadan baxılmamış saxlanılıb.
B. Məhkəmənin qiymətləndirməsi
140. Məhkəmə xatırladır ki, məhkəmə iclaslarının açıq keçirilməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunmuş fundamental prinsipi təşkil edir. Bu açıq xarakter tərəfləri ictimai maraq olmadan ədalət mühakiməsinin sirli keçirilməsindən qoruyur; bu, həmçinin, məhkəmədə konfidensiallığın saxlanıla bilməsi üçün tədbirlərdən biridir. Ədalət mühakiməsinin həyata keçirilməsinə şəffaflıq verməklə, ictimaiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin hər bir demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan ədalətli araşdırma adlanan məqsədinə nail olmaq üçün yardım göstərir (bax, Aksen Almaniyaya qarşı, 08 dekabr 1983-cü il tarixli qərar, A Seriyaları, № 72, s. 12, § 25; Dinnet Fransaya qarşı, 26 sentyabr 1995-ci il tarixli qərar, A Seriyaları, № 325-A, ss. 14-15, § 33 və Moser Avstriyaya qarşı, № 12643/02, § 93, 21 sentyabr 2006-cı il).
141. Məhkəmə əvvəl belə qənaətə gəldi ki, birinci instansiyada açıq araşdırılmanın təmin edilməsi baxımından, yuxarı məhkəmələr qarşısında «açıq araşdırmaların» olmaması, bu araşdırmaların xüsusi əlamətlərinə görə əsaslı ola bilər. Buna görə, məsələn, yalnız hüquqi məsələlərə aid apellyasiya baxışı, faktiki məsələlərin əksinə olaraq, hətta yuxarı məhkəmələrdə açıq araşdırma aparılmasa belə, Konvensiyanın 6-cı maddəsinin tələbləri ilə uyğunluq təşkil edə bilər (bax, K.D.B. Niderlanda qarşı, 27 mart 1998-ci il tarixli qərar, Hesabatlar, 998-11, s. 630, § 39). Digər tərəfdən, Məhkəmə hesab etdi ki, o halda ki, apellyasiya məhkəməsi işi faktlar və hüquq məsələləri üzrə araşdırır və təqsir və təqsirsizlik məsələsinə dair tam qiymətləndirməni verir, açıqlıq tələbi apellyasiya baxışına da şamil olunur (bax, Tirs və digərləri San Marinoya qarşı, № 24954/94, 24971/94 və 24972/94, § 95, İHAM 2000-IX).
142. Məhkəmə qeyd edir ki, hazırkı işdə bir neçə xüsusi hallar var ki, onu adi cinayət araşdırmalarından fərqləndirir. Xüsusilə, ərizəçi 12 fevral 1996-cı ildə birinci instansiya məhkəməsi tərəfindən məhkum edilib və həmin vaxtda onun şikayət vermək hüququ olmayıb. Yalnız yeni Cinayət-Prosessual Məcəlləsinin və 14 iyul 2000-ci il tarixli Keçid Qanunun qəbulundan sonra ərizəçi şikayət vermək hüququnu əldə edib və 24 yanvar 2002-ci ildə apellyasiya araşdırmaları başlayıb. Məhkəmə qeyd edir ki, bununla bağlı hazırkı iş üzrə birinci instansiya məhkəməsində aparılan iclasların açıq və ədalətli olub-olmaması məsələsi ratione temporis Məhkəmənin səlahiyyətindən kənara çıxır (bax, Hümmətov, yuxarıda qeyd olunmuş (qərardad)). Digər tərəfdən, Məhkəmə, həmçinin o faktı qəbul edə bilməz ki, ərizəçinin işinin apellyasiya icraatı qaydasında araşdırılması zamanı açıq araşdırma tələbi artıq birinci instansiyada təmin olunmuşdur. Ərizəçinin işinin yenidən açılmasının əsas səbəbi birinci instansiyada ədalətli araşdırmanın olmaması olmuşdur, ona görə ki, ərizəçi Azərbaycan Avropa Şurasına daxil olarkən, «siyasi məhbus» kimi tanınıb və Azərbaycan ərizəçi daxil olmaqla, bütün siyasi məhbusların işinə «yenidən baxılması» öhdəliyini götürüb. Bundan başqa, Apellyasiya Məhkəməsi tam səlahiyyətli məhkəmə orqanı olub, ona görə ki, o, işi faktiki və hüquqi cəhətdən araşdırmaq, eləcə də məhkuma təyin olunmuş cəzanın mütənasibliyini qiymətləndirmək səlahiyyətinə malik idi. Buna görə, Məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsində açıq araşdırma Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə cavab vermək üçün hazırkı işdə tələb olunurdu.
143. Hazırkı işdə mübahisəsizdir ki, ümumi ictimaiyyət formal olaraq Apellyasiya Məhkəməsindəki araşdırmalardan kənarlaşdırılmayıb. Yalnız məhkəmə araşdırmasının Qobustan tərəfdə aparılması faktı açıqlığın olmaması qənaətinə gətirib çıxarmır. Həmçinin, hər hansı potensial müşahidəçinin müəyyən identifikasiyadan və mümkün olan təhlükəsizlik yoxlamalarından keçməli olması faktı özlüyündə məhkəmə araşdırmasını açıqlıq xarakterindən məhrum etmir (bax, Ripan Avstriyaya qarşı, № 35115/97, § 29, İHAM 2000-XII).
144. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Məhkəmə hesab edir ki, məhkəmə araşdırılması açıqlıq tələbinə yalnız o halda uyğun gəlir ki, ümumi ictimaiyyət onun tarixi və yeri barədə məlumatı əldə edə bilsin və onun keçirildiyi yer asan əlçatan olsun. Bir çox hallarda bu şərtlər yalnız o halda riayət edilmiş olur ki, iclas müşahidəçiləri yerləşdirmək üçün kifayət qədər geniş olan mütəmadi məhkəmə zalına malik olsun. Lakin iclasın adi məhkəmə zalından kənarda, xüsusilə, ümumi ictimaiyyət üçün əlçatan olmayan həbsxana kimi yerdə keçirilməsi, onun açıq xarakteri üçün ciddi maneə yaradır. Belə olan halda, cəmiyyət və medianın iclasın yeri barədə lazımi qaydada məlumatlandırılmasını və səmərəli buraxılış almalarını təmin etmək üçün Dövlət əvəzləşdirici tədbirlər görmək öhdəliyinə malikdir (qeyd olunan iş, § 30). Buna görə, Məhkəmə hazırkı işdə belə tədbirlərin görülüb-görülməməsini araşdırmalıdır.
145. Doğrudur ki, Apellyasiya Məhkəməsinin müxtəlif iclaslarında bir neçə müşahidəçi iştirak edib, baxmayaraq ki, bunun hər bir iclasda belə olub-olmaması aydın deyildir. Lakin bu o demək deyildir ki, iclaslarda açıqlığın və bütün araşdırma ərzində bütün potensial müşahidəçilərin azad buraxılışının təmin olunması üçün hakimiyyət orqanları tərəfindən zəruri olan bütün əvəzləşdirici tədbirlər görülüb.
146. Məhkəmə qeyd edir ki, apellyasiya baxışı 2002-ci ilin yanvarından 2003-cü ilin iyul ayınadək davam edib və iyirmiyədək iclası özündə ehtiva edib. Məhkəmə protokollarından göründüyü kimi, təyin olunmuş iclasların bir neçəsi başqa tarixə təxirə salınıb. Hökumət tərəfindən ictimaiyyətin və medianın iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasının iddia edilməsinə baxmayaraq, onlar bununla bağlı hər hansı sübut təqdim etməyiblər. Hökumət bu informasiyanın cəmiyyətə hansı yol və üsulla və bəyan edilmə davamiyyəti ilə çatdırılmasını dəqiqləşdirə bilməyib. Bundan başqa, ictimaiyyətin hansı yolla Qobustan həbsxanasına çatması, eləcə də ora daxil olması şərtləri ilə bağlı formal olaraq təlimatlarla təmin edilməsi barədə hər hansı dəlil mövcud deyildir.
147. Məhkəmə onu da qeyd edir ki, tərəflər Bakıdan Qobustana məsafə ilə bağlı ixtilafa düşmüşlər. Lakin həqiqi məsafə ilə bağlı həbsxananın hər hansı yaşayış məntəqəsindən uzaq yerləşməsi, nəqliyyat üçün asan əlçatan olmaması və yaxınlıqda işləyən mütəmadi ictimai nəqliyyatın fəaliyyət göstərməməsi mübahisəsizdir. Məhkəmə hesab edir ki, belə olan halda, əvəzləşdirici tədbir kimi hakimiyyət orqanları məhkəmə araşdırılması zamanı müşahidəçilər üçün mütəmadi nəqliyyatı təqdim etməli idi. Lakin Hökumətin Ədliyyə Nazirliyi tərəfindən həbsxanaya mütəmadi avtobus xidmətinin təşkil edilməsinin iddia olunmasına baxmayaraq, onlar bu dəlilin təsdiqi kimi hər hansı sübutu təqdim etməyiblər. Belə olan halda, Məhkəmə hakimiyyət orqanları tərəfindən hər hansı mütəmadi avtobus xidmətinin təmin olunmamasına və ən azı əksər iclaslarda iştirak etmək istəyən şəxslərin öz nəqliyyat vasitələrindən istifadə etməli olmasına dair ərizəçinin və müstəqil müşahidəçilərin qənaətini qəbul edir (bax, yuxarıda qeyd olunan 82 və 83-cü paraqraflar). Məhkəmə hesab edir ki, bahalı nəqliyyat vasitələrinin təşkil edilməsi və uzaq məsafəyə səfər etməsi zərurəti Apellyasiya Məhkəməsinin Bakıdakı məhkəmə zalından fərqli olaraq, ərizəçinin işində iştirak etmək istəyən potensial müşahidəçilərdə açıq-aşkar ruhdan salma nəticəsinə səbəb olurdu.
148. Məhkəmə, həmçinin bir neçə iclaslarda müşahidəçilərin və jurnalistlərin əvvəldən seçilməsi və ya iclasa buraxılmaması barədə ərizəçinin dəlilinə və müşahidəçilərin aydın hesabatlarına toxunur. Hökumət tərəfindən sədrlik edən hakimin Qobustan həbsxanasının müdirinə bir neçə müşahidəçiyə iclasda iştirak etmək icazəsinin verilməsi xahişi ilə ünvanlanmış 13 may 2002-ci il tarixli məktubun təqdim olunmasına baxmayaraq, Məhkəmə hesab edir ki, bu məktub həbsxanada aparılmış bütün iclaslara bütün müşahidəçilərin azad buraxılışının təmin olunmasının sübutu ola bilməz. İclas günlərində həbsxana sahələrinə müşahidəçilərin buraxılmasını sənədləşdirən Qobustan həbsxanasının hər hansı rəsmi sənədləri və ya başqa oxşar sübutlar Məhkəməyə təqdim olunmayıb.
149. Ümumilikdə, Məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi ərizəçinin məhkəmə araşdırılmasının Qobustan həbsxanasının bağlı sahəsində keçirilməsinin mənfi nəticəsinə dair tarazlaşdırmaq üçün adekvat əvəzləşdirici tədbirlər görməyib. Müvafiq olaraq, məhkəmə araşdırılması Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində əks olunmuş açıqlıq tələbinə cavab verməyib.
150. Bundan başqa, açıqlığın belə çatışmazlığı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ikinci cümləsində müəyyən olunan hər hansı səbəblər baxımından əsaslı olmayıb.
Məhkəmə qeyd edir ki, 23 aprel və 13 may 2002-ci il tarixli ilkin qərarlarında Apellyasiya Məhkəməsinin adi məhkəmə zalında deyil, başqa yerdə keçirilməsinin səbəbləri göstərilməyib. Yalnız o fakt ki, apellyasiya şikayətinə baxılması zamanı ərizəçi artıq ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkirdi, bu, özlüyündə apellyasiya baxışının normal məhkəmə zalından ərizəçinin cəzasını çəkdiyi yerə keçirilməsi zərurətini avtomatik olaraq doğurmurdu. Məhkəmə xatırladır ki, təhlükəsizlik problemləri bir çox cinayət araşdırmalarının ümumi əlamətidir, lakin təhlükəsizlik narahatlığına görə ictimaiyyətin iclasdan kənarlaşdırılması halları nadirdir (bax, yuxarıda qeyd olunmuş Ripan, § 34). Hazırkı işdə hər hansı belə təhlükəsizlik narahatlığının olması göstərilməyib. Bundan başqa, belə hallar olsa belə, görünür ki, Apellyasiya Məhkəməsi onları kifayət qədər ciddi hesab etməyib ki, 23 aprel və 13 may 2003-cü il tarixli ilkin qərarlarında onları qeyd etsin və ya Cinayət-Prosessual Məcəlləsinin 392.1.6-cı maddəsinə əsasən ictimaiyyətin kənarlaşdırılmasına dair formal qərar qəbul etsin. Belə olan halda, Məhkəmə Apellyasiya Məhkəməsinin iclaslarında açıqlığın olmamasına dair hər hansı əsas görmür.
141. Məhkəmə onu da qeyd edir ki, ərizəçinin kassasiya şikayətinə Ali Məhkəmədə sonraki baxılma, açıq olsa belə, apellyasiya araşdırmalarında açıqlığın düzəldilməsi üçün kifayət olmayıb, ona görə ki, Ali Məhkəmənin səlahiyyəti yalnız hüquqi məsələlərlə məhdudlaşıb və o, işin yenidən tam baxılması hüququna malik olmayıb (bax, mutatis mutandis, yuxarıda qeyd olunmuş Dinnet, s. 15, § 43 və Ekbatani İsveçə qarşı, 26 may 1988-ci il tarixli qərar, A Seriyaları, № 134, s. 14, § 32).
152. Müvafiq olaraq, Məhkəmə belə nəticəyə gəlir ki, ədalətli məhkəmə araşdırılmasının əsas amillərindən biri olan açıq məhkəmə araşdırılması olmadığına görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub. Bu pozuntu və təqdim olunmuş materiallar baxımından, Məhkəmə hesab edir ki, məhkəmə araşdırmalarının ədalətliliyi ilə bağlı ərizəçinin başqa iddialarının araşdırılmasına zərurət qalmır.
IV. Konvensiyanın 41-ci maddəsinin tətbiqi
153. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A. Zərər
1. Maddi zərər
154. Ərizəçi maddi zərərlə bağlı qanunsuz həbsə, məhkumluğa və 1993-2004-cü illər ərzində azadlıqdan məhrum edilməsinə görə gəlirin itirilməsi üçün 64.500 avro (EUR), 12 fevral 1996-cı il tarixdə məhkum olunmasından sonra Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən sonradan hökmün əmlakın müsadirəsinə dair hissəsini ləğv etməsinə baxmayaraq, ona qaytarılmamış əmlakın müsadirəsinə görə 215.000 EUR və məhkumluq dövründə yeməyə, telefon xərclərinə və tibbi xərclərə görə 6.366 EUR daxil olmaqla, ümumilikdə 285.866 EUR tələb etdi.
155. Hökumət bildirdi ki, bu tələblər əsassızdır və ərizəçi onları təsdiq edən hər hansı sübutlar təqdim etməyib.
156. Məhkəmə, Konvensiya pozulmadığı halda, məhkəmə araşdırmalarının nəticəsi ilə bağlı fərziyyə irəli sürə bilməz (bax, yuxarıda qeyd olunmuş Ripan, § 46). Buna görə, Məhkəmə gəlirin itirilməsi ilə bağlı ərizəçinin tələbini rədd edir.
157. Müsadirə olunmuş əmlakın qaytarılmaması ilə bağlı zərərə dair tələbə gəldikdə isə, Məhkəmə qeyd edir ki, ərizəçi bu barədə Məhkəmə qarşısında rəsmi şikayət qaldırmadığı üçün həmin məsələ hazırkı işin dairəsindən kənardadır. Hər bir halda, əmlakın dəyərinə dair ərizəçinin hesabları hər hansı sübutla təsdiqlənməyib. Buna görə, Məhkəmə bu tələbi də rədd edir.
158. Bundan başqa, Məhkəmə müəyyən olunmuş pozuntularla iddia olunan yemək və telefon xərcləri arasında səbəbli əlaqəni görmür. Beləliklə, bu məsələyə dair hər hansı kompensasiya verilə bilməz.
159. Nəhayət, ərizəçinin ailəsi tərəfindən çəkilməsi iddia olunan dərman xərclərinə gəldikdə, Məhkəmə işarə edir ki, Məhkəmə Reqlamentinin 60-cı qaydasına əsasən, kompensasiyaya aid hər hansı tələb predmetləşdirilməli və müvafiq təsdiqləyici sənədlərlə və ya vauçerlərlə birgə yazılı şəkildə təqdim edilməlidir, əks halda, Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi bir neçə bank sənədlərini təqdim edib ki, onlara görə 2002-2004-cü illər ərzində həyat yoldaşı Niderlanddan onun Bakıdakı hesabına müəyyən məbləğləri mütəmadi olaraq köçürüb. Lakin yalnız bu sübutdan aydın olmur ki, bu məbləğdən hansı hissə ərizəçinin dərmanlarına xərclənib. Ərizəçi hər hansı alqı sənədlərini, eləcə də hansı dərmanların alınmasına dair, onların həcmi və qiyməti göstərilməklə, təfsilatlı və predmetləşdirilmiş məlumatları təqdim etməyib. Müvafiq olaraq, ərizəçi tərəfindən özünün tələbi üçün kifayət qədər sübutlar təqdim edilmədiyinə görə, bu məsələ üzrə hər hansı ödəniş ola bilməz.
2. Mənəvi zərər
160. Ərizəçi ədalətli araşdırmanın olmamasına görə vurulmuş zərər üçün 857.000 EUR, vətəndaşlıqdan iddia olunan qanunsuz məhrum etməyə görə 10.000 EUR və işgəncə, qeyri-insani rəftar və 1995-2004-cü illər ərzində həbsxanada olan dövrdə tibbi yardımın göstərilməməsinə görə 20.000.000 EUR daxil olmaqla, ümumilikdə 20.867.000 EUR tələb etdi.
161. Hökumət bu tələbləri mübahisələndirdi və iddia etdi ki, onlar əsassızdır.
162. Məhkəmə qeyd edir ki, ərizəçinin vətəndaşlığının itirilməsi hazırkı iş üzrə Məhkəmə tərəfindən araşdırılan məsələlərin dairəsindən kənara çıxıb. 15 aprel 2002-ci ilədək həbs zamanı iddia edilən işgəncə və qeyri-insani rəftarın başqa formaları ilə bağlı ərizəçinin şikayətləri Məhkəmənin qismən qeyri-məqbuliyyətə dair 11 sentyabr 2003-cü il tarixli qərardadında qeyri-məqbul elan edilmişdir. Buna görə, bu tələblər üzrə hər hansı ödəniş ola bilməz.
163. Mənəvi zərərlə bağlı qalan tələblərə gəldikdə isə, Məhkəmə hesab edir ki, Konvensiyanın pozulmasının müəyyən edilməsi hazırkı işdə kifayət qədər əvəzləşdirməni təşkil edə bilməz. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla öz qiymətləndirməsini edərək, Məhkəmə bu məbləğə hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə, mənəvi zərərlə bağlı ərizəçiyə 12.000 EUR ödənilməsini qərara alır.
B. Xərc və məsrəflər
164. Ərizəçi hüquqi ödənişlərə görə 2.090 EUR tələb etdi.
165. Hökumət bu tələbi mübahisələndirmədi.
166. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, ərizəçi öz xərc və məsrəflərinin əvəzləşdirilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənməsi və həcminə görə əsaslı olması göstərilsin. Hazırkı işdə mövcud olan məlumatları və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmə hesab edir ki, məbləğin tam şəkildə, yəni 2.090 EUR, hüquqi yardım üçün Avropa Şurasından alınmış 701 EUR məbləği az olmaqla və bu məbləğə hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə, ödənilməsi qərara alınmalıdır.
C. Faiz dərəcəsi
167. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
Bu səbəblərə görə məhkəmə yekdilliklə
1. Daxili vasitələrin tükənməməsinə dair Hökumətin ilkin etirazını rədd edir;
2. Konvensiyanın 3-cü maddəsinin pozulmasını qərara alır;
3. Konvensiyanın 3-cü maddəsi ilə birgə Konvensiyanın 13-cü maddəsinin pozulmasını qərara alır;
4. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını qərara alır;
5. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə Dövlət tərəfindən ərizəçiyə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 12.000 EUR (on iki min avro) və xərc və məsrəflərə görə, hüquqi yardım kimi verilmiş 701 EUR (yeddi üz bir avro) az olmaqla, 2.090 EUR (iki min doxsan avro) ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək üç faiz əlavə olunmaqla yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
6. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 29 noyabr 2007-ci ildə göndərilib.
Sədr Xristos Rozakis
Katib Soren Nilsen
«İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Bülleteni»ndə dərc edilmişdir (2008-ci il, № 3, s. 93) .
© 2009-2022 De Jure.