Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi

Növ: 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 28 fevral  tarixli 34 nömrəli qərarı ilə 
TƏSDİQ EDİLMİŞDİR

 

Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 
NÜMUNƏSİ

 

Bu müqavilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasında tərtib olunur.

1. Müqavilənin tərəfləri

Bu müqavilə bir tərəfdən bundan sonra "Sifarişçi" adlandırılacaq _________________________________________________________________________________
(satınalan təşkilatın adı, onun səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı)

_________________________________________________________________________________
və digər tərəfdən bundan sonra "İcraçı" adlandırılacaq

_____________________________________________________________________________________
(tenderin qalibi olmuş malgöndərənin (podratçının) adı, onun səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı)____________________________________________________________________________________
arasında_______________________tarixdə___________________________________bağlanmışdır. 
(gün, ay, il)                                                                         (imzalandığı yer)

2. Müqavilənin predmeti

2.1. Tərəflər təsdiq edirlər ki, Sifarişçi

______________________________________________________________________________
(malların (işlərin və ya xidmətlərin) adı)

satın alınması üçün İcraçının

______________________________________________________manat

(rəqəmlə)

_________________________________________________________________________________
(sözlə)

məbləğində tender təklifini qəbul etmişdir.

2.2.İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan_______________________________________________________________________________
(malların adı)

təhvil verilməsini(_________________________________________________________________
(işlərin adı)

yerinə yetirilməsini və ya_____________________________________________göstərilməsini)
(xidmətlərin adı)

öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

2.3. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

2.4. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır.

2.5. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

İcraçının tender təklifi və qiymət cədvəlləri;

müqavilənin xüsusi şərtləri (müqavilənin şərtlərini dəqiqləşdirən sənəd);

texniki şərtlər (çertyojlar, cizgilər, layihələr);

İcraçının tender təklifini təsdiq edən əsaslandırıcı sənədlər;

tender təklifinin aksept edilməsi barədə bildiriş (əlavə olunur).

3. Tətbiq olunan hüquq

3.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır. Müqavilənin icrası ilə əlaqədar tətbiq olunan əlavə hüquqi normalar və sənədlər müqavilənin xüsusi şərtlərində göstərilməlidir.

3.2. İcraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin ("Patent haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", digər qanunların və əlaqədar normativ hüquqi aktların) tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır.

3.3. Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və İcraçı tərəfindən hazırlanan digər sənədlər Sifarişçinin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. İcraçı bu sənədlərin sürətini özündə saxlaya bilər.

Müqavilə İcraçının günahı nəticəsində ləğv olunarsa, müqavilə üzrə gətirilmiş materiallar, qurğular, avadanlıqlar və müvəqqəti tikililər Sifarişçinin mülkiyyətində qalır.

4. Müqavilənin dili

Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda, müqavilə beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.

5. Tərəflərin öhdəlikləri

5.1. İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir.

5.2. İcraçı müqavilənin icraçı ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bü cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.

5.3. İcraçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir.

5.4. Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

5.5. Sifarişçi müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini, ona aid olan icazələrin və razılaşmaların alınmasını təmin edir.

5.6. Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir.

6. Malların və xidmətlərin mənşəyi

Satın alınan malların və göstərilən xidmətlərin (o cümlədən yerinə yetirilən işlər çərçivəsində satın alınan malların və göstərilən xidmətlərin) mənşəyi Azərbaycan Respublikasının mövcud qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən satınalmaları qadağan olunmuş ölkələrdən (ərazilərdən) olmamalıdır.

Malların və xidmətlərin mənşəyi dedikdə, malların istehsal olunduğu, əkildiyi və ya hasil edildiyi, xidmətlərin isə göstərildiyi ölkə (ərazi) nəzərdə tutulur. Malların və xidmətlərin mənşəyi İcraçının dövlət mənsubiyyətindən fərqlənə bilər.

7. Standartlar

Göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş standartlara, bu cür standartlar göstərilmədiyi (olmadığı) hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir.

8. Malların göndərilməsi və sənədləşdirilməsi

Sifarişçi Azərbaycan Respublikasının ərazisindən kənarda satın alınan malların göndərilməsinə dair tələblərini Parisdə Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan "Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları "İnkoterms"in şərtlərinə uyğun olaraq müəyyənləşdirir. Bu barədə məlumat müqavilənin xüsusi şərtlərində göstərilir.

Azərbaycan Respublikasının ərazisi daxilində malların göndərilməsinə dair tələblər və şərtlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir və bu barədə məlumatlar müqavilənin xüsusi şərtlərində öz əksini tapmalıdır.

9. Malların qablaşdırılması, markalanması və daşınması

9.1. Mallar müqavilənin xüsusi şərtlərində göstərilmiş tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək daşınmalıdır.

9.2. Qablaşdırma malların müqavilədə göstərilmiş sonuncu təyinat məntəqəsinə zədələnmədən və korlanmadan çatdırılmasını təmin etməlidir. Qablaşdırmanın ümumi (müvafiq standartlara cavab verən) şərtləri və (və ya) xüsusi (Sifarişçinin əlavə tələblərinə cavab verən) şərtləri müqavilənin xüsusi şərtlərində göstərilməlidir.

Sifarişçinin əlavə tələbləri çərçivəsində qablaşdırılmanın müvafiq hərarətə, duzlu, radioaktiv və digər ekstremal mühitə, çöküntülərə və açıq halda saxlanılmasına davamlılığı, malların tələb olunan qaldırıcı və nəqliyyat vasitələri ilə daşınmasına imkan yaradan qablaşdırıcı qutuların ölçüləri və çəkisi, digər tələbləri göstərilə bilər.

9.3. Markalanma

Markalanma malların baxışı zamanı onların digər mallardan ən qısa müddət ərzində seçilməsinə imkan yaratmalıdır. Malların qablaşdırılan hissəsi daxildən və xaricdən markalanmalıdır və müvafiq sənədlərlə müşayiət olunmalıdır.

9.4. Daşınmalar

Malların son təyinat məntəqəsinə daşınmasını təmin edən nəqliyyat vasitələrinin növü İcraçı tərəfindən müəyyənləşdirilir.

10. Ehtiyat hissələri

İcraçı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddət ərzində tələb olunan ehtiyat hissələrini Sifarişçiyə təhvil verir və onlar haqqında ətraflı məlumatları təqdim edir. Tərəflərin razılığı əsasında ehtiyat hissələrinin istehsalı dayandırıldıqdan sonra İcraçı onların istehsalı üçün tələb olunan çertyojları, cizgiləri və layihələri Sifarişçiyə təmənnasız təqdim edir.

11. İcraçının təşkilatı-hüquqi forması

İcraçı müştərək müəssisə, konsorsium və ya hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi olduqda, müqavilənin icra müddətində onun strukturu dəyişdirilərsə, Sifarişçi bu barədə təxirəsalınmadan məlumatlandırılmalı və müqavilənin davamı yalnız onun razılığı əsasında aparılmalıdır.

12. İcraçının ixtisasına dair tələblər

12.1. İcraçı tender təklifində təqdim olunan və Sifarişçi tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq əsas işçilərin və aparıcı mütəxəssislərin müqavilənin yerinə yetirilməsində iştirakını təmin edir. Sifarişçi müqavilənin icraçı müddətində dəyişdirilən işçilərin siyahısını (ixtisas uyğunluğunu və səriştəsini) yenidən təsdiq edir.

12.2. Sifarişçi səbəbini göstərməklə İcraçının hər hansı işçisinin müqavilənin icrasından uzaqlaşdırılmasını tələb edərsə, İcraçı 3 gün müddətində bu tələbi müqavilənin icrasına heç bir təsirinin olmaması şərti ilə yerinə yetirməlidir.

13. Müqavilə üzrə ödəmələr

13.1. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank gününüdən gec olmamaq şərti ilə aparılır.

13.2. Sifarişçi satın alınan işlərin yerinə yetirilməsi üçün İcraçıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada Sifarişçiyə avans ödənişinin təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldılır. İcraçı avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün (avadaqlıqların, qurğuların, materialların və onların səfərbər edilməsi xərclərinin ödənilməsinə) istifadə edə bilər. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslanldırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir.

13.3. Sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 30 bank günü müddətində İcraçıya ödənilir.

13.4. Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir.

14. Müqavilənin icrası

14.1. İcraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalanması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir.

İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir.

14.2. Müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilənin xüsusi şərtlərində Sifarişçinin yuxarı təşkilatı tərəfindən bağlanmış müqavilənin təsdiqlənməsi nəzərdə tutulubsa, müqavilə təsdiq olunan andan qüvvəyə minir.

14.3. Müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müdət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öüdəlikləri və müqavilənin icra müddəti dəyişilmir.

15. Sığorta

15.1. Müqavilənin icrası ilə əlaqədar Sifarişçinin və İcraçının riskləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq sığortalanır. Bu barədə məlumat müqavilənin xüsusi şərtlərində göstərilməlidir.

15.2. İcraçı müqavilədə nəzərdə tutulmuş sığorta risklərinin sığortalanması üçün məsuliyyət daşıyır və müvafiq sığorta müqavilələrini (onların surətlərini) Sifarişçiyə təqdim etməlidir. İcraçı tələb olunan sığorta müqavilələrinin hər hansı birini təqdim etmirsə, Sifarişçi həmin sığortaları aparır və onların məbləğini İcraçıya müqavilə üzrə nəzərdə tutulmuş ödənişdən çıxır. Müqavilənin icra müddətində sığorta müqaviləsi ləğv edilərsə (dəyişilərsə), İcraçı 3 bank günü müddətində Sifarişçiyə bu barədə yazılı məlumat verməlidir.

15.3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət bu müqavilənin icra müddətini bütövlüklə əhatə etməlidir.

15.4. Malların (o cümlədən avadanlıqların, qurğuların, ehtiyat hissələrinin) bu müqavilənin xüsusi şərtlərində göstərilmiş son təyinat məntəqəsinə qədər sığortalanması Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr olunan və qüvvədə olan "Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları "İnkoterms"in şərtlərinə uyğun olaraq müəyyənləşdirilir.

15.5. İşlərin (o cümlədən tikinti, quraşdırma və digər işlərin) yerinə yetirilməsi ilə əlaqədar sığorta risklərinin sığortalanması bu müqavilədə nəzərdə tutulan işlərin başa çatdırılmasına qədər ola bilən itki və zərəri ödəməlidir. Sifarişçi qüsurların aradan qaldırılması dövründə baş verən itkilərin və zərərin ödənilməsini təmin etmək məqsədi ilə İcraçının istehsalat sahəsində olma müddətini uzatmalıdır.

15.6. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası üçüncü şəxs hesab olunan fiziki şəxslərin (o cümlədən Sifarişçinin işçilərinin) səhhətinə (ölüm halları daxil olmaqla), habelə fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərin ödənilməsini təmin etməlidir. Belə sığorta malların (avadanlıqların, qurğuların və s.) gətirilməsi və quraşdırılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi müddətini tam əhatə etməlidir.

15.7. Sifarişçi tərəfindən digər sığorta risklərinin sığortalanması nəzərdə tutulduqda, bu barədə tələblər müqavilənin xüsusi şərtlərində göstərilməlidir.

15.8. İcraçı submüqavilələrin icra müddətində nəzərdə tutulan sığorta risklərinin sığortalanması üçün məsuliyyət daşıyır.

16. Submüqavilələr

İcraçı tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda müqavilənin icrası üçün tələb olunan submüqavilələr bağlaya bilər. Submüqavilələr haqqında ətraflı məlumat (o cümlədən onları icra edənlərin ixtisas uyğunluğu haqqında məlumat) İcraçının tender təklifində göstərilir. Submüqavilələrin bağlanması və onlarda hər hansı dəyişikliklərin aparılması yalnız Sifarişçinin yazılı razılığı əsasında edilir. İcraçı submüqavilələrin icrasına görə Sifarişçi qarşısında məsuliyyət daşıyır. İşlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar submüqavilələrin (subpodratçıların) ümumi dəyəri müqavilənin 50 faizindən çox ola bilməz. Submüqavilələrin bağlanması İcraçını satınalma müqaviləsi üzrə öhdəliklərdən azad etmir.

17. Müqavilənin icrasına tenxniki nəzarət və sınaq

17.1. Sifarişçi (və ya onun nümayəndələri) tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş qaydada, heç bir əlavə xərc çəkməkdən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir.

17.2. Sifarişçi üçün tələb olunan hər hansı texniki nəzarətin və ya sınağın keçirilmə yeri və növü müqavilənin xüsusi şərtlərində göstərilməlidir. Sifarişçi belə texniki nəzarətin və sınağın keçirilməsi üçün təyin olunmuş nümayəndələri barədə İcraçıya vaxtında yazılı məlumat verməlidir.

17.3. Texniki nəzarət və sınaq İcraçının (submüqavilələri icra edənlərin) ərazisində keçirilə bilər. Belə hallarda İcraçı Sifarişçiyə (və ya onun nümayəndələrinə) lazımi kömək göstərməlidir.

17.4. Sifarişçi texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda İcraçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya Sifarişçinin tələblərini təmin edən digər malları təqdim edir.

18. Müqavilənin icrası müddətində qüsurların aradan qaldırılması

18.1. Müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.

18.2. İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır.

18.3. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırılmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır.

19. Texniki təminat

19.1. Müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, İcraçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) 12 ay müddətinə texniki təminat verir.

19.2. Təminat müddətində Sifarişçi tərəfindən aşkar olunmuş qüsurlar İcraçının vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır.

19.3. İcraçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, Sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər.

20. Cərimələr

20.1. İcraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sansiyaları qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər.

20.2. Sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, İcraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.

21. Qarşısıalınmaz qüvvə

21.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, İcraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır.

21.2. Qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.

21.3. İcraçı qarşısıalınmaz qüvvənin təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı yubanmadan Sifarişçiyə göndərilməlidir. Əgər Sifarişçidən digər yazılı təlimat daxil olmayıbsa, İcraçı öz imkanları daxilində qarşısıalınmaz qüvvənin təsirindən asılı olmayan müqavilə öhdəliklərinin yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən asılı olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ üsüllar axtarmalıdır.

22. Müqavilə üzrə sənədləşdirmənin aparılması

22.1. Müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.

22.2. Müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi İcraçı tərəfindən müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada aparılır. Sifarişçi sənədləşdirmənin düzgün aparılmasına nəzarət edə bilər (o cümlədən audit və digər yoxlamalar vasitəsi ilə). Bu cür yoxlamalar müqavilənin yerinə yetirilməsi zamanı və ya müqavilənin icrası başa çatdıqdan sonra üç ay müddətində aparıla bilər.

23. Vergilər və rüsumlar

Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.

24. Müqavilənin ləğv edilməsi

24.1. Müqavilə şərtlərinin pozulmasına görə müqavilənin ləğv edilməsi.

Müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, Sifarişçi və ya İcraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.

Aşağıdakı pozuntular əsaslı sayılır:

İcraçının müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Sifarişçi ilə razılaşmadan 15 gündən artıq müddətdə işləri dayandırması;

Sifarişçinin verdiyi təlimat əsasında işlər 15 gündən artıq müddətə dayandırıldıqda, İcraçı ilə işlərin dəyandırılması ilə əlaqədar gecikdirmələrin xərclərin ödənilməsi üçün razılığın əldə edilməməsi;

Sifarişçi və ya İcraçının iflasa uğraması və ya ləğv olunması (müəssisə və təşkilatların yenidənqurulması halları istisna edilməklə);

Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq. İcraçının təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi;

müqavilənin xüsusi şərtlərində göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması;

tərəflərin tətbiq etdikləri cərimə məbləğinin yuxarı həddi aşması;

tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərinin yerinə yetirməməsi.

Müqavilə ləğv olunarsa, İcraçı 15 gün müddətində müqavilənin icrasını dayandırır və müqavilənin icrası nəticəsində əldə edilmiş malların (işlərin və xidmətlərin) qorunması üçün təxirəsalınmaz tədbirləri görərək, onları Sifarişçiyə təhvil verir.

24.2. Ödəmə qabiliyyəti olmaması səbəbindən müqavilənin ləğv edilməsi.

Sifarişçinin və ya İcraçının ödəmə qabiliyyəti olmadıqda qarşı tərəf yazılı bildiriş göndərərək müqaviləni ləğv edə bilər.

İcraçı iflasa uğradıqda, onun hüquqi varisi varislik hüquqları aldıqdan 10 gün müddətində Sifarişçiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında yazılı müraciət edərsə, iflasa uğramış İcraçının varisi ilə müqavilənin şərtləri əsasında satınalma müqaviləsinin başa çatdırılması barədə yeni müqavilə bağlana bilər. Əsas halda, iflasa uğramış İcraçının müqavilə üzrə yerinə yetirilmiş öhdəlikləri və ya ödənilmiş vəsaitləri Sifarişçinin ixtiyarına keçir.

25. Maraqların ziddiyyəti

İcraçı müqavilə üzrə məsləhətçi qismində iştirak edərsə, müqavilənin icra müddətində və ya icrası başa çatandan sonra özü və ya onun tabeliyində olan hüquqi şəxslər müqavilə üzrə göstərilən məsləhət xidmətlərindən irəli gələn və bununla əlaqəli olan malların (işlərin və ya xidmətlərin) satınalmalarında iştirak edə bilməz.

26. Mübahisəli məsələlərin həlli

26.1. Tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

26.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir.

 

Sifarişçi

Səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı

___________________________________________________________________________

İmza_______________________

M.Y.

İcraçı

Səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı

___________________________________________________________________________

İmza_______________________

M.Y.

__________

Mallar (işlər və xidmətlər) üzrə satınalma
müqaviləsinin nümunəsinə əlavə

Tender təklifinin aksept edilməsi barədə
BİLDİRİŞ

(satınalan təşkilatın rəsmi blankında)

____________________________ ___________________________________
(qeydiyyat nömrəsi) (gün, ay, il)

____________________________________________________________________________
(qalib gəlmiş iddiaçının adı)

____________________________________________________________________________
(qalib gəlmiş iddiaçının ünvanı)

Bununla bildiririk ki, _____________________________________________________tarixində
(gün, ay, il)

____________________________________________________________________________
(satın alınan malların (işlərin və xidmətlərin) adı və miqdarı)

satın alınması üçün keçirilən tenderdə Sizin təqdim etdiyiniz.

____________________________
(qiymət rəqəmlə)

___________________________________________
(qiymət sözlə)

qiymətində________________________________________________tarixli tender təklifiniz
(gün, ay, il)

___________________________________________________________________________
(satınalan təşkilatın adı)

tərəfindən qəbul olunur.

Bununla əlaqədar Sizdən_______________________________________________________
(gün, ay, il)

tarixə qədər satınalma müqaviləsinin yerinə yetirilməsi üçün tələb olunan təminatın təqdim edilməsi və satınalma müqaviləsinin imzalanıb qaytarılması tələb olunur.

______________________________________________
(səlahiyyətli şəxsin imzası)

___________________________________________________________________________
(satınalan təşkilatın səlahiyyətli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi)

M.Y.

______________

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.