Qətnamənin ləğv edilməsi barədə

Bakı Apellyasiya Məhkəməsinə

Cavabdeh fərdi sahibkar N.N.Flankəsov tərəfindən


Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin
11.07.2007-ci il tarixli 124/3-27 saylı qətnaməsindən

 

APELLYASİYA ŞİKAYƏTİ


Nəzərinizə çatdırıram ki, iddiaçı Bakı şəhəri Vergilər Departamenti iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək cavabdeh fərdi sahibkar N.N.Flankəsovdan yoxlama üçün zəruri olan sənədlərin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxaraq iş üzrə 11 mart 2005-ci il tarixli qiyabi qətnamə çıxarmış və iddianın təmin edilməsi qət edilmişdir.

Cavabdeh fərdi sahibkar N.N.Flankəsov iş üzrə qiyabi qətnamənin ləğvi barədə ərizə ilə qətnaməni çıxarmış məhkəməyə müraciət etmişdir. Məhkəmə özünün 18 may 2007-ci il tarixli 124/3-27 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238, 247, 248, 263, 264-cü maddələrini rəhbər tutaraq iş üzrə 11 mart 2007-ci il tarixli 124/3-27 saylı qətnaməni ləğv etmiş və işə mahiyyəti üzrə baxılmasını təzələyərək işin məhkəmə baxışını 11 iyul 2007-ci il tarixə təyin etmişdir.

Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 11.07.2007-ci il tarixli 124/3-27 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhəri Vergilər Departamentinin iddiasının təmin edilməsi, cavabdeh – fərdi sahibkar N.N.Flankəsovdan vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.01.2005-cü il tarixdən 01.07.2006-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, uçot reqistrləri, dövriyyə cədvəlləri, kassa və baş kitabları, gəlirləri və xərcləri təsdiq edən sənədlər, müqavilələr, qaimə və vergi hesab fakturalarının götürülməsi qət edilmişdir.

Bildirmək istəyirəm ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən iddiaçının sənədlərin tələb olunması barədə tələbnamənin, bildirişin, qərarın, aktın cavabdehə göndərilməsini və cavabdeh tərəfindən həmin sənədlərin alınmasını, sənədlərin götürülməsi və səyyar vergi yoxlaması keçirilməsinin bütün imkanlarının itirilib-itirilməməsini müəyyən etməmiş və iddiaçının əsassız iddia tələbini təmin etmişdir.

Mən, fərdi sahibkar N.N.Flankəsov hesab edirəm ki, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qətnamə ləğv olunmalıdır.

Məhkəmə qətnaməsində qeyd olunur ki, Bakı şəhəri Vergilər Departamentinin 18.08.2007-cü il tarixli 108091 saylı qərarı ilə fərdi sahibkar N.N.Flankəsovnun 01.01.2005-cü il tarixdən 01.07.2005-cü il tarixədək olan dövr üzrə fəaliyyətinin növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

İddiaçı iddia ərizəsində və məhkəmə qətnaməsində qeyd edir ki, yoxlamanın aparılması üçün N.N.Flankəsov tərəfindən vergilərin hesablanması üçün zəruri olan sənədlər, o cümlədən ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, kassa və baş kitabları, gəlirləri və xərcləri təsdiq edən sənədlər, müqavilələr, qaimə və vergi hesab fakturaları yoxlamaya təqdim edilməmişdir.

Lakin həmin sənədlərin yoxlamaya təqdim edilməməsini təsdiq edən sənədlər iş materiallarında yoxdur.

Qətnamədə qeyd olunur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 06.09.2004-cü il tarixli 512 saylı və 29.12.2004-cü il tarixli 594 saylı tələbnamələr göndərilmişdir.

Lakin bildirirəm ki, həmin tələbnamələr mənə göndərilməmişdir. İş materiallarında da həmin tələbnamənin mənim tərəfimdən alınması barədə sübut yoxdur. Bakı şəhər Vergilər Departamenti həmin tələbnamə, bildiriş, qərar və aktın mənim tərəfimdən alınması barədə sübutu varsa onu məhkəmyə təqdim etməlidir. Halbuki belə bir sübut yoxdur.

Qətnamədə qeyd olunur ki, sənədlərin təqdim edilməsindən imtina edildiyindən, Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsi üçün 04.01.2005-ci il tarixli 004083 saylı qərar çıxarılmışdır.

Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 43.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən həmin qərar mənə təqdim olunmalı idi, Lakin qərar mənə təqdim olunmamışdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Lakin iddiaçı tərəfindən bunların heç biri edilməmişdir və iş materillarında da belə bir sübut yoxdur.

Qətnamədə göstərilir ki, sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə 05.01.2005-ci il tarixli 001 saylı akt tərtib edilmişdir.

Bildirmək istəyirəm ki, mən yoxlama üçün zəruri olan sənədləri təqdim etmişəm.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.2. maddəsinə müvafiq olaraq yoxlamanın predmetinə aid olan və vergi hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə yalnız vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri götürə bilər və bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. 43.2. maddəsində qeyd olunduğu kimi yalnız yoxlamaya təqdim olunan sənədlərin surətləri götürülə bilər və yalnız bu halda 43.10-cu maddəsinə əsasən sənədlərin götürülməsi məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.

Lakin mən sənədləri verməkdən imtina etməmişəm. Mənim işlədiyim altı ay ərzində 2 dəfə – 15.07.2004-cü ildə və 16.12.2004-cü ildə vergi yoxlaması keçirilmişdir. Bir ildə iki dəfə vergi yoxlamasının keçirilməsi vergi qanunvericiliyinə ziddir.

Həmçinin bildirmək istəyirəm ki, sənədlərin yoxlayıcıya təqdim olunmaması həmin sənədlərin məhkəmə qaydasında tələb olunması üçün əsas ola bilməz.

Belə ki, yuxarıda qeyd olunduğu kimi vergi orqanı təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halını müəyyən etdikdə həmin sənədlərin surəti götürülə bilər.

Lakin sənədlər təqdim edilmədikdə bu barədə akt tərtib etmək və həmin akta əsasən vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğini vergi orqanının özündə olan məlumata və analogiya üzrə müəyyən etmək hüququ var və bu hərəkətləri etmək üçün Məcəllədə məhkəməyə müraciət etmək və sənədləri məhkəmə qərarına əsasən tələb etmək nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 67.1 maddəsinə əsasən vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilən həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

Yuxarıda qeyd olunan maddələrin tələbləri iddiaçı tərəfindən pozulmuşdur və bu qətnamədə nəzərə alınmamışdır.

Mən hesab edirəm ki, apellyasiya şikayətim qanunidir və əsaslıdır, buna görə də təmin olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Mən, yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-362, 384, 385, 386, 387, 388, 389 və 390-cı maddələrinə uyğun olaraq məhkəmədən

 

XAHİŞ EDİRƏM:

Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 11.07.2007-ci il tarixli 124/3-27 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılsın.

Qoşma: Apellyasiya şikayətinin surəti, Dövlət rüsumunun ödənilməsi barədə qəbz,


Fərdi sahibkar

N.N.Flankəsov

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.