
15 iyul 2015-ci ildə “Reklam haqqında” yeni qanun qəbul edilmiş və 1997-ci il 3 oktyabr tarixli eyni adlı qanun qüvvədən salınmışdır.
Yeni qanun reklamın sifarişi, hazırlanması və yayımlanması sahəsində bir sıra münasibətləri tənzimləyir, xüsusilə daha dəqiq tələblər və məsuliyyət müəyyən edir.
Ümumi tələblər
Reklama dair ümumi tələblərə əsasən reklam istehlakçını aldatmamalı, çaşdırmamalı, habelə rəqib şirkətlər tərəfindən istehsal edilən malların bazar nüfuzuna xələl gətirməməlidir.
Reklamı edilən malın satışı və ya istehsalı, işin və ya xidmətin göstərilməsi lisenziyalaşdırılırsa və ya sertifikatlaşdırılırsa, reklamda lisenziyanın və ya sertifkatın nömrəsi, verilmə tarixi və lisenziyanı verən orqanın adı qeyd edilməlidir.
Əvvəlki qanundakı kimi, reklamın mətnində xarici dildə göstərilən mətn Azərbaycan dilində olan mətndən sona yerləşdirilməli, ondan daha kiçik sahə tutmalıdır. Qanun yeni tələb kimi reklamın yerləşdirildiyi qurğunun ümumi sahəsinin üçdə birindən çox hissəsini tutmamasını müəyyən etmişdir.
Qeydiyyata alınmış əmtəə nişanı və coğrafi göstərici isə qeydə alındığı formada göstərilməlidir. Yəni, xarici dildə qeydə alınmış əmtəə nişanının reklamı zamanı eyni nişanın (və ya mətnin) Azərbaycan dilində verilməsi tələb edilmir. Bu da qanundakı yeniliklərdən biridir.
Əvvəlki kimi, reklamda malın qiyməti Azərbaycan manatında ifadə edilməlidir. Amma yeni qanun qeyd edilən qaydanı rüsumsuz ticarət mağazalarına (“Duty free”) şamil etmir.
Qanun haqsız reklam, qeyri-dəqiq reklam və gizli reklamı qadağan edir və belə reklamın təkzib edilməsi vəzifəsini müəyyən edir. Əvvəlki qanunda reklamın təkzib edilməsi vəzifəsini pozan şəxsin reklam fəaliyyətinin dayandırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi vəsatətlə rayon və şəhər icra hakimiyyəti orqanları, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında çıxış edirdi. Yeni qanuna əsasən reklam təkzib edilənədək reklam sahəsində fəaliyyəti İqtisadiyyat və Sənaye Nazirliyi dayandıra bilər.
Xüsusi tələblər
Yeni qanun reklam yayımlanan və yerləşdirilən müxtəlif vasitələr üçün fərqli və daha ətraflı tələblər müəyyən edir. Xüsusilə teleradio, dövri-mətbuat, nəqliyyat vasitəsi və açıq məkanda reklamla bağlı müfəssəl tələblər müəyyənləşdirilmişdir. Yeni qanun yeni tələblər müəyyən etməklə bərabər, reklam hesab edilməyən belə hallara da aydınlıq gətirir. Məsələn, nəqliyyat vasitəsinin üzərində onun mənsubiyyətini göstərən fərqləndirici nişan reklam hesab edilmir.
Yeni qanun həmçinin müxtəlif malların və xidmətlərin reklamına dair yeni spesifik tələblər müəyyən edir. Xüsusilə alkoqollu içki, dərman vasitələri, uşaqlar üçün süni qidaların, idman və mərc oyunlarının, maliyyə və bank xidmətlərinin reklamı sahəsində ətraflı və spesifik tələblər və şərtlər müəyyən edilir. Məsələn, dərman vasitələrinin reklamında dərmandan istifadə əlavə təsir yaradarsa, reklamda bu barədə məlumat verilməli və həkimlə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. İstehlak kreditinə dair reklamda məcburi şəkildə göstərilməli məlumatlar müəyyən edilir (məsələn, kreditin ümumi xərci, faizlər və digər xərclər aydın şəkildə göstərilməlidir).
Yeni qanunun daha yeni bir tələbinə əsasən, pay iştirakı əsasında (MTK-lar tərəfindən həyata keçirilən tikintilər) yaşayış binalarının və başqa obyektlərin tikintisi üçün pul toplanmasına dair reklamlar yalnız tikintiyə icazə alındıqdan sonra verilə bilər.
Göründüyü kimi, yeni qanun bir çox yeni tələblər və qaydalar müəyyən edir. Bu qaydaların pozulması mülki zərərlərə səbəb olmaqla bərabər, inzibati və cinayət məsuliyyəti də yarada bilir.
Praktiki tövsiyə: Sahibkarlıq subyektlərinə qanunla yaxından tanış olmaq və reklam verilməmişdən öncə reklamın qanunun bütün tələblərinə uyğunluğuna əmin olmaları tövsiyə edilir. Sahibkarlıq subyektlərinə reklam xidməti göstərən şəxslər varsa, tövsiyə edilir ki, onlarla müvafiq müqavilədə reklam haqqında qanunvericiliyin pozulması ilə bağlı bütün məsuliyyətin xidmət göstərən şəxslərin üzərində olması barədə şərti müəyyən etsinlər.
mənbə: http://bizneshuquq.com/2015/10/16/reklam-haqqinda-yeni-qanun/
© 2009-2025 De Jure.