Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin peşəkar kadrlarla komplektləşdirilməsi məqsədi ilə görülən ardıcıl tədbirlər çərçivəsində may ayının 11-də qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı keçirilmişdir. Dövlət İmtahan Mərkəzi ilə birlikdə Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləmiş, həmçinin tədbirin gedişi Nazirliyin internet səhifəsi (www.iustice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanmışdır. "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur.