İyunun 16-17-si Fransanın Strasburq şəhərində Avropa Şurasının təşkilatçılığı ilə HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisi Layihəsi çərçivəsində illik konfransı keçirilmişdir. Məlum olduğu kimi Avropa Şurası tərəfindən təşkil olunan HELP layihəsinin məqsədi üzv ölkələrdə hüquqşünaslara, xüsusilə hakimlər, vəkillərə və digər praktik hüquqşünaslara İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqindən irəli gələn məsələlərin və Avropa Məhkəməsinin presedent hüququnun distant tədris vasitəsilə çatıdırlmasıdır.
Avropa Şurasına üzv ölkələrin əsasən hakim, vəkil, habelə ölkələrin davamlı hüquq tədrisi ilə məşğul olan təhsil qurumlarının nümayəndələrindən ibarət 150-dən artıq hüquqşünasın iştirak etdiyi tədbirin əsas məqsədi növbəti ildə HELP layihəsinin səmərəliliyinin artırılması və 2015-2016-ci illər ərzində görülmüş işlərə dair müzakirələrin aparılmasıdır. O cümlədən tədbirdə HELP layihəsinin ali təhsil müəssisələrinə sirayət etməsi ilə bağlı yollar müzakirə edilmişdir.
Konfransın işində ölkəmiz Vəkillər Kollegiyasının üzvləri (Sevinc Alıyeva, Günel Sevdimalıyeva), Ədliyyə Akademiyasının təmsilçiləri (Vəkillərin peşəyə buraxılışı və ixtisasartırma fakültəsinin dekanı, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov, Akademiyanın bölmə rəisi Günay Abidova), habelə HELP Layihəsinin vəkillər və hakimlərin tədrisi üzrə əlaqələndiriciləri Fərhad Nəcəfov və Zülfiqar Babayev tərəfindən təmsil olunmuşdur.
Qeyd olunmalıdır ki, konfrans çərçivəsində Azərbaycan və Türkiyə vəkillər arasında qarşılıqlı faydalı və səmərəli görüş də keçirilmişdir. Görüş Azərbaycan Ədliyyə Akademiyasının Vəkillərin peşəyə buraxılışı və ixtisasartırma fakültəsinin dekanı, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov və Türkiyə Vəkillər Kollegiyalarının baş katibi Güneş Gürseler arasında baş tutumuşdur. Görüş nəticəsində əldə olunmuş ilkin razılığa əsasən, gələcəkdə azərbaycanlı vəkilliyə namizədlər üçün türkiyəli mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi, habelə icbari təlim mərhələsində seçilmiş ən hazırlıqlı namizədlərin Türkiyə Vəkillər Kollegiyalarında təcrübə keçməsi məqsədilə ezam olunmaları nəzərdə tutulmuşdur.
Konfrans ərzində həmçinin HELP Məşvərət Şurasına seçimlər keçirilmiş və Şuranın tərkibi Türkiyə, Yunanstan, Xorvatiya, Sebiya, Böyük Brtaniya, Polşadan - 6 nəfərdən ibarət olmaq yenilənmişdir.